Şəhİdlər – and yerİmİz

Vətən müharibəsində şəhid olmuş polkovnik-leytenant

Xeyrulla İbrahimovun əziz xatirəsinə ithaf olunur

Yenə çoxlarını gözüyaşlı qoyan, bir gözü ağlar bir gözü gülər mövsümə qədəm qoyduq. Düz iki il öncə sentyabr ayının 27-də ermənistanın ölkəmizə qarşı növbəti hərbi təcavüzünə cavab olaraq, Ali Baş Komandanın rəhbərliyi altında Vətən müharibəsi başladı. Qanında əsl azərbaycanlı qanı daşıyan, mərd ürəkli igidlər 30 illlik nisgilə son qoymaq üçün cəbhə bölgəsinə axışdılar. Onların gözündə həmin an vətən sevgisindən uca heç nə yox idi. Geridə qoyduqlarını Allaha, dövlətə əmanət edərək cəsur ürəklə düşmənə sipər olmağa getdilər. İgidlərimiz cəbhəyə gedərkən yalnız bir fikir barədə düşünürdülər – düşmənə qan uddurmaq, həsrət çəkdiyimiz torpaqlarımız uğrunda döyüşmək və bu yolda şəhadət şərbətini içmək.

Belə şücaətli igidlərimiz sırasında Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı Xeyrulla İbrahimov da var idi. O, 4-cü Ordu Korpusunun Artilleriya rəisi idi. Əslən İsmayıllı rayonunun Basqal qəsəbəsindən olan Xeyrulla İbrahimov hələ birinci Qarabağ müharibəsində igidlik nümayiş etdirərək yaralanmışdı. 2003-cü ilin iyunun 24-də Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin Sərəncamı ilə Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanmasındakı xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirən zaman fərqləndiyinə görə “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunmuşdu. Qüsursuz xidmətlərinə görə üç il ardıcıl olaraq “Azərbaycanın ən yaxşı zabiti” adına layiq görülmüşdü. Hətta Ulu Öndər Heydər Əliyev görüşlərdən birində ona, “Sən gələcəyin Əliağa Şıxlinskisisən” demişdi.

Artilleriyanın şahı hesab olunan Xeyrulla İbrahimovu orduda hamı “Kobra” ləqəbi ilə tanıyırdı. Müharibə vaxtı göstərdiyi misilsiz şücaətlərdən qorxuya düşən ermənilər hələ birinci Qarabağ savaşında onun qətli üçün pul mükafatı ayırmışdılar, amma niyyətlərinə çata bilmədilər. Hərbi hissə komandiri vəzifəsinə qədər ucalan X.İbrahimov  həm də işlədiyi bölgənin artilleriya rəisi idi. 40 yaşı tamam olduqdan sonra təqaüdə çıxsa da müharibənin başlayacağı günü səbirsizliklə gözləyirdi. İnanırdı ki, həmin gün mütləq gələcək. Təqaüdə çıxanda demişdi ki, nə vaxt müharibə olsa gedəcəm. Elə də oldu.

2020-ci ilin iyul ayında düşmənin Tovuz rayonuna təcavüzü nəticəsində general-mayor Polad Həşimov və palkovnik İlqar Mirzəyevin şəhid olması hamı kimi Xeyrulla İbrahimovu da sarsıtdı. Vətən müharibəsi başlayanda könüllü olaraq ən öndə cəbhəyə gedənlərdən biri də o idi. 4 ay öncə həyat yoldaşını itirən zabit, 2 övladını Allaha əmanət edərək döyüşə yollandı. Onun üçün vətən hər şeydən önəmli idi. Vətən məni çağırır deyən zabiti keçmiş iş yoldaşları da sevinclə qarşıladı. O, 20 il hərbçi kimi xidmət etdiyi üçün erməni mövqelərini yaxşı tanıyırdı. Vətən müharibəsinə yollanarkən “inşaallah şəhadətə yüksələrəm” demişdi, bu arzusuna da çatdı. Qəlbində Allah sevgisi də, vətən sevgisi də çox böyük idi, Qurani-Kərimi əzbər bilirdi.

Xeyrulla İbrahimovun bütün silahlardan texniki xüsusiyyətlərinə görə çox yüksək səviyyədə istifadə etmək bacarığı var idi. Artilleriya taktikasını çox gözəl bilirdi. Onun planlaşdırdığı artilleriya zərbələrindən düşmən qaçıb gizlənə bilmirdi. X.İbrahimovun göstərişi ilə sərrast atəşlə düşmən mövqeləri darmadağın olurdu. O öz döyüş yoldaşlarına da bildirmişdi ki, “mən bura şəhid olmağa gəlmişəm”. Oğlunun doğum günündə X.İbrahimov ailəsi ilə telefon vasitəsilə əlaqə saxlayır, lakin çox gərgin olduğu hiss olunurdu. Həmişə ailə üzvlərinə qarşı diqqətcil və mehriban olan ata bu dəfə oğlunun doğum gününü təbrik etmədi. Cəsur zabitimiz həmin gün – 26 oktyabr 2020-ci ildə Şuşa ətrafında gedən döyüşlərdə şəhid oldu. O, arzuladığı kimi şəhadətə – müqəddəs zirvəyə ucaldı. Şəhadəti ilə doğmalarını, döyüş yoldaşlarını göz yaşlarına qərq edən X.İbrahimovun Şəhidlər Xiyabanındakı məzarı hərbçi yoldaşlarının and yerinə çevrilib.

Gücü və şücaəti ilə düşməni qorxuya salan şəhidimiz üç il ard-arda Azərbaycanın ən yaxşı zabiti adına layiq görülmüşdü. Yeganə zabit idi ki, bir top mərmisi ilə iki düşmən texnikasını partlada bilirdi. Papağına düşən kölgə ilə düşmən texnikasının yerini müəyyən edə bilirdi.

Vətən müharibəsində göstərdiyi misilsiz şücaətlərinə görə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə “Vətən uğrunda” medalı, “Azərbaycan bayrağı” ordeni, “Xocavəndin azad olunmasına görə” medalı, “Füzulinin azad olunmasına görə” medalı, “Şuşanın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Onun vaxtilə yaşadığı həyətdə mamerial xatirə lövhəsi yerləşdirilib.

Xeyrulla İbrahimov kimi neçə-neçə mərd igidlərimiz sayəsində Azərbaycanın adı tarixə qızıl hərflərlə yazıldı.

Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirdi. Ali Baş Komandan cənab İlham Əliyev hər kəsi dəmir yumruq ətrafında toplayaraq misilsiz qələbəyə imza atdı. Hər il sentyabr ayı gələndə qəlbimiz kədərə bürünür. Lakin bu kədərlə bərabər bir yanımız da qürur duyur. Bir gözü ağlar, bir gözü gülər oluruq sanki. Lakin bunu da unutmaq olmaz ki, qansız qələbə olmur. Əgər bizim qəhrəman igidlərimiz şəhid olmasaydı, qazilərimiz sağlamlığını itirməsə, veteranlarımız geridə qoyduqlarına baxmadan odun-alovun içində vuruşmasaydı, əbədi torpaqlarımızı da qovuşa bilməzdik. Torpaq – uğrunda ölən varsa Vətəndir. Şəhidlər bu Vətənə canımız qurban dedilər və qurban da etdilər. İndi onların ruhları şaddır. Şəhid anaları ilə müsahibələrdə görürük ki, onların hər biri Vətənə, dövlətə layiq igid yetişdirdikləri üçün fəxr edirlər. Elə buna görə də dövlət başçımız Ali Baş Komandan cənab İlham Əliyev öz çıxışlarında dəfələrlə müharibə iştirakçılarına, qazilərə və şəhid ailələrinə dəstək olmağı, onlar üçün layiqli şərait yaradılmasını bütün qurumlara göstəriş vermişdir.

Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilir.

Bu gün artıq məcburi köçkünlər doğma yurdlarına qayıtmağa başlayıb. Zəngilanın Ağalı kəndində “Ağıllı kənd” layihəsi işıq üzü görüb və vaxtilə torpaqlarından didərgin düşmüş şəxslər orada yerləşdirilməyə başlanılıb. Böyük qayıdışın ilk hissəsi tamamlanmaqdadır. Beləliklə vaxtilə mənfur düşmənin işğalı ilə yurdlarını tərk etməyə məcbur olmuş soydaşlarımız, canı-qanı bahasına torpaqlarımızı azad edən igidlərimiz sayəsində nəhayət öz evlərinə qayıdacaqlar.

Bu gün hər birimiz vətəndaş olaraq şəhidlərimizin ruhu qarşısında baş əyirik, qazilərimizə Allahdan şəfa, veteranlarımıza can sağlığı diləyirik. Belə cəsur igidlərimiz olduqdan sonra heç bir düşmən bizə bata bilməz. Dünya xəritəsində kiçik bir yeri əhatə edən Azərbaycan əslində necə böyük qüdrətə sahib olduğunu nümayiş etdirdi.

Baxmayaraq ki, 2020-ci il 9 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr tarixində Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan bəyanatla qanunsuz erməni silahlı birləşmələrinin Qarabağdan çıxarılması nəzərdə tutulurdu. Lakin mənfur düşmən bəyanatlara məhəl qoymadı. Rusiya Federasiyasının sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri 2022-ci il 3 avqustda Laçın rayonu istiqamətində yerləşən ordumuzun bölmələrini atəşə tutmağa başladı. Bunun nəticəsində bir əsgərimiz şəhid oldu. Torpaqlarımıza yenidən göz dikməyin və şəhidimizin qisası olaraq Silahlı Qüvvələrimiz erməni birləşmələrinə qarşı antiterror əməliyyatına başladı. “Qisas” əməliyyatı nəticəsində Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən Qırxqız yüksəkliyi, Sarıbaba və digər əhəmiyyətli yüksəkliklər bölmələrimiz tərəfindən nəzarətə götürüldü. Prezident İlahm  Əliyevin dediyi kimi: “Laçın şəhərindən, Zabux və Sus kəndlərindən qanunsuz məskunlaşmış insanlar çıxarılmalıdır. Bu, təbiidir. Onların orada qalması, əslində, hərbi cinayətdir, çünki o Cenevrə konversiyalarının qaydalarına ziddir. İşğalçı ölkə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma apara bilməz”. Ermənilər avqustun 5-dək Laçın və Zabux rayonlarını boşaltmalı idilər, lakin bu tarix avqustun 25-nə keçirildi. Nəhayət 2022-ci il 26 avqustda Laçın şəhəri, Zabux və Sus yaşayış məntəqələri Azərbaycanın nəzarətinə keçdi.

Düşmən yenə sakit dayanmadı. Belə ki, 2022-ci il sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan silahlı qüvvələri Azərbaycan-Ermənistan sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törətdilər. Onlar qaranlıq vaxtı ərazinin dağlıq relyefi və dərə boşluqlarından istifadə edərək ərazilərimizin minalanmasını həyata keçirdi. Erməni silahlı qüvvələri tərəfindən mövqelərimiz atəşə tutuldu. Nəticədə ordumuz şəhid verdi. Düşmənin təxribatının və ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə qarşı hərbi təhlükələrin qarşısını almaq üçün cavab tədbirləri görüldü. Lakin təəssüflər olsun ki, bu hadisələrin nəticəsində ümumilikdə 79 şəhidimiz oldu.

Göründüyü kimi, Ermənistan üçtərəfli bəyanatlara əməl etməyərək vəziyyəti gərginləşdirməyə davam edir. Bu günə qədər ermənistan tərəfi Azərbaycan ordusunun mövqelərini fasilələrlə atəşə tutmaqda davam edir. Onlar unutmasın ki, ordumuzun peşəkar əsgər və zabitləri Vətənin keşiyində dayanıblar, necə deyərlər “dəmir yumruq” öz yerindədir. Verdiyimiz şəhidlərin qanı yerdə qalmır və qalmayacaq da.

Bizim mərd xalqımız canını bu yurda fəda etməyə hazırdır. Digər ölkələrə nəzər yetirdikdə görərik ki, səfərbərlik elan edilərkən hər kəs öz şirin canının hayına düşərək ordudan qaçmağa can atır. Lakin Azərbaycan nadir ölkələrdəndir ki, hətta səfərbərlik elan edilməmiş hamı ordu sıralarına könüllü yazılmışdı. Hər kəs Ali Baş Komandanın bir əmrini gözləyirdi ki, illərdir davam edən həsrətə son qoyaraq, doğma torpaqlarımızın hər qarışını düşməndən canı qanı bahasına geri alsın.

Şəhidlərimizin hər biri qəhrəmanlıq nümunəsidir, onlar bizə sübut etdilər ki, qəhrəmanlar təkcə nağıllarda olmur. Onların hər biri haqqında bir salnamə yazmaq mümkündür. Nə qədər ki cəsur ürəkli, düşmənə qan udduracaq igidlərimiz var, nə qədər ki Ali baş Komandanımız və “dəmir yumruq” altında birləşən xalqımız var torpaqlarımıza heç kim göz dikə bilməz. Vətəni sevən və onun yolunda canından keçmiş şəhidlərimizin ruhu qarşısında baş əyərək, onlara Allahdan rəhmət, qazilərimizə şəfa, veteranlarımıza can sağlığı diləyirik və onların hər biri ilə qürur duyuruq.

Nuridə Əlizadə

Ədliyyə Akademiyasının baş məsləhətçisi,

I dərəcəli ədliyyə qulluqçusu