AGENTLİYİN DƏSTƏYİ İLƏ ALİ MƏKTƏB-VALİDEYN MÜNASİBƏTLƏRİNƏ DAİR TƏDBİR KEÇİRİLİB

“İnnovasiyalara və İnkişafa Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Ali məktəblərlə valideynlər arasında əlaqələrin yaradılmasına dəstək” layihəsi çərçivəsində tədbir keçirib. Layihənin həyata keçirilməsində əsas məqsəd ali təhsil müəssisələri ilə valideynlər arasında ünsiyyətin yaradılmasını təmin etməklə yüksək bacarıqlı mütəxəssis hazırlığına dəstək verməkdir.

Tədbiri giriş sözü ilə açan İctimai Birliyin sədri Səyavuş Qasımov bildirdi ki, müasir təhsil sistemində orta təhsil məktəblərində valideynlər öz övladlarının təhsili prosesinə cəlb olunur və ünsiyyət “valideynlərin cəlb olunması” adlanır. Ölkəmizdə bu təcrübənin yaxşı effekt verdiyi mütəxəssislər tərəfindən də etiraf olunur. Lakin ali təhsil müəssisələrində çox təəssüf ki, bu haqda danışmaq mümkün deyil. Övladı ali məktəbə qəbul olunan valideynlər universitetlərlə əlaqələr qurmur və universitetlər də valideynlərlə qarşılıqlı ünsiyyət yaradaraq daha yaxşı nəticələr əldə etmək, bacarıqlı, bilikli mütəxəssislər hazırlamaq üçün onların dəstəyindən istifadə etməkdə maraqlı görsənmirlər. Bu əlaqə və ünsiyyətin yaradılması ali təhsil müəssisələri üçün əlavə iş, valideynlər üçünsə vaxt itkisi hesab olunur. Nəticədə isə birdən-birə valideyn nəzarətindən kənarda qalan və təhsilə münasibətdə daha çox sərbəstliyin verildiyi ali məktəblərdə tələbələr elə ilk kurslardaca qiymətləndirmədə aşağı nəticələr göstərirlər.

“Halbuki belə bir əlaqə və ünsiyyətin yaradılması daha effektli olardı. Bu həm ali təhsil müəssisələrinin, həm də valideynlərin məqsədlərinə cavab verərdi” – S.Qasımov çıxışının sonunda deyib.

Ekspert, filologiya üzrə fəlsəfə doktoru Ülviyyə Hüseynova çıxış zamanı dedi ki, valideynlərin məktəb həyatına cəlb edilməsinin tələbələrin uğur qazanması üçün xüsusi əhəmiyyəti var. Ailənin sosial-iqtisadi vəziyyətinin necə olmasından asılı olmayaraq, valideynin övladının təhsil prosesində iştirak etməsini onun inkişafına böyük təsir göstərir. Müşahidələr göstərir ki, valideynləri tədris prosesində fəal iştirak edən tələbələr daha yaxşı nəticələr əldə edirlər. Onlar, daha yaxşı qiymətlər alır, daha yüksək akademik nailiyyətlərə sahibdirlər, ev tapşırıqlarını daha keyfiyyətli şəkildə yerinə yetirirlər.

Daha sonra çıxış edən Əjdər Yunusov dedi ki, tədris prosesində valideynlərin fəallığı məktəb mədəniyyətini zənginləşdirir və onun inkişafına kömək edir. Daha yaxşı nəticələrə çatmaq üçün məktəb və müəllim valideynlərlə fəal əməkdaşlıqda maraqlı tərəf olmalıdır. Valideynlərin fəal olaraq tədris prosesinə cəlb edilməsi məktəb icması, müəllimlər, valideynlər və tələbələr tərəfindən də müsbət qarşılanar.

Tədbirdə ali məktəb müəllimləri və övladı universitet tələbəsi olan valideynlər və tələbələr də iştirak ediblər. Müzakirələr zamanı onlar da məsələyə münasibətlərini bildiriblər. Təhsilin keyfiyyətinin artırılması üçün ali təhsil müəssisələri ilə valideynlər arasında əməkdaşlığın forması və onun praktiki olaraq həyata keçirilməsi üçün təkliflər verilib.