AGENTLIYIN DƏSTƏYİ İLƏ ERKƏN NİKAHLARLA BAĞLI TƏDBİR KEÇİRİLİB

Demokratik İslahatlar və Hüquq İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Erkən nikahlar ənənə deyil, zorakılıqdır” adlı  layihənin icrasını başa çatdırmışdır. Layihə çərçivəsində  “Erkən nikah ənənə deyil, zorakılıqdır” adlı bukletlər və kitabçalar hazırlanmışdır. Kitabçada erkən nikahlar tarixi sosial institut kimi araşdırılmış,  erkən nikahların anlayışı və səbəbləri, erkən  nikahlara olan münasibət, erkən nikah barədə qərarların verilməsi, erkən nikahlarda ailənin namusu və qızın bakirəliyi faktorları, erkən nikahlarla bağlı islam dininin mövqeyi, erkən nikahlarda sosial və iqtisadi səbəblər, erkən nikahların mənfi nəticələri, ana və uşağın sağlamlığının zədələnməsi, ailədə zorakılıq və atılma, yetkinlik yaşına çatmayan ananın problemləri, nikahla bağlı beynəlxalq standartlar, nikah haqqında milli qanunvericlik, təhsil hüququ, erkən nikahların qarşısının alınması, erkən nikahlarla bağlı maarifləndirmə, valideynlərin hüquq və vəzifələri, erkən nikahların qarşısının alınmasında məktəblərin və müəllimlərin rolu, erkən nikahların qarşısının alınmasında polis  orqanlarının rolu, erkən nikahlarla mübarizədə Yetkinlik Yaşına Çatmayantarın İştəri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın rolu, yetkinlik yaşına çatmayan şəxslə cinsi əlaqə cinayət kimi məsələlər əhatə edilmiş və izah edilmişdir. “Erkən nikah ənənə deyil, zorakılıqdır” adlı bukletdə erkən nikahların nəticələri, erkən nikahlarla mübarizə haqqında qanunvericiliyin tələbləri, erkən nikahların qurbanlarının dövlət müdafiəsi haqqında biliklər, müraciət ünvanları öz əksini tapmışdır. Layihə çərçivəsində Ağstafa rayonu Yenigün kənd tam orta məktəbində Yenigün, Xətai, Aşağı Göycəli, Qaçak Kərəm kənd tam orta məktəblərinin, Ağstafa rayonu Qırılı kənd tam orta məktəbində Qırılı,Həsənsu, Eynallı, Köçəsgər, Vurğun  kənd tam orta məktəblərinin, Tovuz rayonu Mehdi Hümbətov adına Ağbulaq kənd tam orta məktəbində Ağbulaq, Əsrik Cırdaxan və Əsrik kənd tam orta məktəblərinin, Tovuz rayonu Mərdan Musayev adına Əlimərdanlı  kənd tam orta məktəbində Əlimərdanlı, Girzan, Qaraxanlı, Xatınlı və Qədirli kənd tam orta məktəblərinin müəllimlərinin, valideynlərin və yuxarı sinif şagirdlərinin iştirakı ilə  “Erkən nikahlar ənənə deyil, zorakılıqdır” mövzusunda təlim keçirilmişdir. Təlimdə erkən nikahların səbəbləri, erkən nikahların nəticələri izah edilmiş,  erkən nikahların ailənin maddi vəziyyəti, ümidsizlik atmosferi yaradan kasıbçılıq, evliliyin övladına xoşbəxt həyat gətirəcəyi ilə əlaqələndiirlməsi fikrinin yanlış olması ətraflı əsaslandırılmışdır. Erkən nikahlarla bağlı qızların qaçırılması halları, erkən nikaha daxil olanların dövlət müdafiəsi ilə bağlı təhsil işçilərinin, ictimaiyyətin, valideynlərin və erkən nikahdan zərər çəkənlərin atmalı olduqları addımlar, müraciət ünvanları diqqətə çatdırılmışdır. Erkən nikahların və erkən nişanlanma hallarının doğurduğu psixoloji, sosial, tibbi problemlərə də toxunulmuş, erkən nikahların qarşısının alınması üçün addımlar ardıcıl olaraq izah edilmişdir. Təlimdə psixoloq Gülər Abbaslı və Qazax-Tovuz Regional Təhsil İdarəsinin Ağstafa rayonu üzrə təhsil sektorunun aparıcı məsləhətçisi Əli Əliyev  qonaq qismində iştirak etmişlər.  Təlimlərin iştirakçılarına “Erkən nikah ənənə deyil, zorakılıqdır” adlı bukletlər və kitabçalar paylanmış,  sertifikatlar və kiçik hədiyyələr verilmişdir.  Təlimin sonunda erkən nikah və nişanlanmalarla bağlı problemləri olan valideynlər və yetkinlik yaşına çatmayanlara konfidensial yardım göstərilmişdir. Layihənin həyata keçirildiyi regionda erkən nikahlarla bağlı məlumatlar toplanılmış və müvafiq orqanlara verilmişdir, onlardan bəziləri üzrə dövlət orqanları tərəfindən müvafiq tədbirlər görülmüşdür. Layihənin həyata keçirilməsi zamanı erkən nikah və nişanlanma hallarının artması, bu problemin latent olması, latentliyə əhalinin, ictimaiyyətin və bəzi hallarda dövlət orqanlarının etinasızlığının səbəb olması müəyyən edilmişdir. Erkən nikahların artmasına səbəb həm də erkən nikaha məcbur etmə hallarında qanunverciliyin tələblərinin  tam həyata keçirilməməsi, valideynlərin məsuliyyətdən kənarda qalmasıdır. Mühüm problemlərdən biri də erkən nikahlara qarşı dözümsüzlük şəraitinin formalaşdırılmaması ilə bağlıdır. Əhalinin, yuxarı sinif şagirdlərinin, valideynlərin erkən nikahların  nəticələri, erkən nikahların qurbanlarının dövlət müdafiəsi, valideynlərin məsuliyyəti ilə bağlı maarifləndirilməsi aktuallığını saxlayan məsələlərdəndir. Maarifləndirmə tədbirlərinin daha geniş və əhatəli aparılması tələb olunur.


Demokratik İslahatlar və Hüquq İctimai Birliyinin sədri:

                                                               Mərhəmət Əsgərova