BƏRPAEDİCİ ƏDLİYYƏ – ƏDALƏT MÜHAKİMƏSİNDƏ YENİ MEXANİZM

Vüqar Ağayev

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin

Cəzaların icrasına nəzarət üzrə müfəttişliyin rəis müavini,

baş ədliyyə müşaviri

Avropa Bərpaedici Ədliyyə Forumunun (EFRJ) üzvü

Son illər Azərbaycanda məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi çərçivəsində cəza siyasətinin humanistləşdirilməsi, alternativ cəzaların tətbiqi, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi ilə bağlı mühüm işlər görülür, ədalət mühakiməsi sistemində yeni və səmərəli mexanizmlərin tətbiqi ilə bağlı əhəmiyyətli addımlar atılır. Bununla bağlı Azərbaycan Respublikası Prezidentinin 2017-ci il fevralın 10-da imzaladığı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncamı ölkəmizdə həyata keçirilən islahatların məntiqi davamı olmaqla, bu sahədə yeni strateji hədəfləri müəyyənləşdirib. Sərəncamda cəzaların icrasının müasir tələblərə uyğun qurulması, bu sahədə müasir texnoloji vasitələrin tətbiqi, cəzaların icrasına effektiv nəzarətin təşkili və digər konseptual məsələlər nəzərdə tutulmuş, bu məqsədlə məhkumların cəmiyyətdən təcrid edilməsi ilə əlaqədar olmayan cəzaları icra edən yeni təsisat – Ədliyyə Nazirliyinin Probasiya Xidməti yaradılıb, bununla bağlı müvafiq təşkilati tədbirlər görülüb.

Məhkəmə-hüquq sistemində islahatlar 2019-cu ildə müasir çağırışlara uyğun olaraq yeni mərhələyə keçdi. Belə ki, həmin ildə məhkəmə-hüquq sistemində mütərəqqi islahatlara təkan verən ölkə Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel Fərmanı bu sahədə ciddi dönüşə səbəb oldu. Ədliyyə və məhkəmə sistemi üçün mühüm “yol xəritəsi” olan Fərmanın aidiyyəti qurumlarla birgə təxirəsalınmadan icrasına başlanılaraq qısa müddətdə kompleks qanunvericilik, institusional və praktiki tədbirlər görüldü. İlk növbədə, kommersiya məhkəmələrinin təşkili, cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması, məhkəmə qərarlarının icrası işinin və məhkəmə ekspertizası fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən alternativ – özəl ekspertizanın tətbiqi, vahid məhkəmə təcrübəsinin formalaşdırılması və digər məsələlərlə bağlı qabaqcıl beynəlxalq təcrübə öyrənilməklə bir sıra mühüm tədbirlər görülmüşdür.

             Qeyd olunan sənədlər əsasında Azərbaycanda ədalət mühakiməsi sistemində yeni alternativ mexanizmlərin, o cümlədən mediasiya institutunun, alternativ cəzaların tətbiqi ilə bağlı mühüm nailiyyətlər əldə edilmiş, ötən illər ərzində mübahisələrin alternativ həlli mexanizmlərinin inkişafı üzrə ardıcıl tədbirlər görülmüşdür. Sahibkarlığın inkişafı üçün mediasiyanın tətbiqini təşviq etmək məqsədilə Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ilə milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri təsdiq edilmişdir. Fərmana əsasən, həmçinin xarici dövlətlərin qabaqcıl təcrübəsi nəzərə alınmaqla ölkəmizdə səmərəli beynəlxalq arbitraj prosedurlarının təşviqinə dair tədbirlər görülür.

“Mediasiya haqqında” Qanun qəbul edilmiş, bununla da mülki işlər və kommersiya mübahisələrinin, ailə və əmək, eləcə də inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmədən kənar həlli mexanizmləri yaradılmışdır. Təcrübəli mediatorlar hazırlanmış, mediatorlardan ibarət Mediasiya Şurası formalaşmış və mediasiya təşkilatları fəaliyyətə başlamışdır.

Ötən illər ərzində Avropa İttifaqının maliyyə dəstəyi ilə, birbaşa və regional, həmçinin beynəlxalq təşkilatlar vasitəsilə Ədliyyə Nazirliyi ilə bir sıra layihələr icra edilmiş, onların əhəmiyyətli hissəsi  mübahisələrin alternativ həlli mexanizmlərinin tətbiqi və inkişafı ilə bağlı olmuşdur. Layihələr çərçivəsində Avropa ölkələrinin təcrübəsi öyrənilmiş, yol xəritəsi və normativ sənədlərin layihələri hazırlanmış bundan əlavə nazirliyin nümayəndələri 2018-ci ildə Minsk şəhərində Belarus Respublikasının Xarici İşlər Nazirliyinin və BMT‑nin Beynəlxalq Ticarət Hüququ üzrə Komissiyasının (UNCITRAL) birgə təşkilatçılığı ilə Beynəlxalq Arbitraj və Mediasiya üzrə konfransda, 2019-cu ildə Tbilisidə keçirilmiş “Beynəlxalq arbitraj” üzrə regional seminarda və Gürcüstan Beynəlxalq Arbitraj Mərkəzinin illik arbitraj günlərində, daha sonra Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyini dəstəyi ilə ABŞ-ın paytaxtı Vaşinqton şəhərində və Şimali Karolina Ştatında “Kommersiya və əqli mülkiyyət hüquqları” mövzusunda təşkil edilmiş “Açıq Dünya Proqramı”nda yaxından iştirak etmişlər. ABŞ səfəri çərçivəsində Şimali Karolina Ştatının bir sıra məhkəmələrində, “Сampbell” və “Wake Forest” universitetlərinin hüquq fakültələrində, həmçinin həmin Ştatın Mübahisələrin Həlli Komissiyasının üzvləri ilə görüşlər keçirilmişdir. Qeyd olunmalıdır ki, sonuncu adıçəkilən universitetin unikallığı ondan ibarətdir ki, hüquq fakültəsinin binasında real kommersiya məhkəməsi fəaliyyət göstərir və tələbələr təhsil aldıqları zaman məhkəmənin işi ilə əyani tanış olmaq imkanı əldə edirlər. Həmçinin, müxtəlif ölkələrdə mübahisələrin alternativ həlli mexanizmlərinin inkişafında xüsusi rolları olan professorlar xanım Yas Banifatemi, Emmanuel Galliard, Frank Laney, eləcə də Şimali Karolina Ali Məhkməsinin sədri Paul Newby və digər hüquqşünaslarla Gürcüstanda və ABŞ-da görüşlər keçirilmişdir. Hazırda ölkəmiz UNCITRAL-da müşahidəçi qismində təmsil olunur.

(Mübahisələrin Həlli Komissiyasında Azərbaycanın nümayəndə heyəti ilə görüş. ABŞ-ın Şimali Karolina Ştatı, Raley şəhəri)

Müasir dünyada ədliyyə sahəsində və ədalət mühakiməsi sistemində yeni yanaşmalar, insan hüquqları və azadlıqları kontekstində sivil prosedurlar həyata keçirilir, insanların çağdaş sosial ehtiyacları nəzərə alınmaqla mövcud cinayət mühakiməsinə qarşı alternativ olaraq mübahisələrin daha çevik və səmərəli həlli mexanizmləri ortaya qoyulur. Belə müasir yanaşmalardan biri də Avropa hüquq sistemi, o cümlədən Azərbaycan hüquq və ədliyyə sistemi üçün yeni olan bərpaedici ədliyyədir (Restorative Justice).

Bərpaedici ədliyyə yeni sahə kimi 1970-ci illərdə Şimali Amerikada məhkəmə prosesinə alternativ yanaşma kimi ortaya çıxmış, mübahisələrin alternativ həlli mexanizmi olaraq milli tendensiyaya çevrilmişdir. Bu cinayət mühakimə icraatı prosesində cinayət işləri üzrə zərərçəkmişlərin daha çox iştirakına, eləcə də ziyanın kompensasiyası kimi bərpadan istifadə edilməsi ilə əlaqədar zərərçəkmişlərin  hüquqlarının müdafiəsi hərəkatı kimi yaranmışdır.

Bərpaedici ədliyyənin bir çox dəyərləri, prinsipləri və adətləri
yerli mədəniyyətlərlə uzlaşsa da, 1974-cü ildə Kanadanın Ontario əyalətinin Kitçener şəhərində baş vermiş bir hadisə bugünkü bərpaedici ədliyyə hərəkatının başlanğıc nöqtəsi hesab olunur[1]. Belə ki, “Kitçener təcrübəsi”ndə 22 nəfərin əmlakını məhv etmiş 2 yetkinlik yaşına çatmayandan hər bir zərərçəkmişlə görüşmək və ziyanın ödənilməsi tələb olunmuşdur. “Kitçener təcrübəsi”ndən sonra 1970-ci illərin sonundan 1980-ci illərin əvvəllərində  Şimali Amerika və Avropanın  bir sıra yurisdiksiyalarında bu istiqamətdə müxtəlif proqramlar həyata keçirilməyə başlanılmış, lakin bu təşəbbüslər ölçü və say baxımından kiçik olduğundan,  daha böyük sistemlərə az təsir edə bilmişdir.

1994-cü ildə Amerika Hüquqşünaslar Assosiasiyası zərərçəkmiş və cinayət törətmiş arasında mediasiya proqramını təsdiq etdikdən sonra bərpaedici ədliyyə əsas tendensiyaya çevrilmək üçün böyük addım atmış, bu proqram əsasən ilk dəfə cinayət törətmiş şəxslərə və yetkinlik yaşına çatmayanlara tətbiq olunurdu. Əlavə dəstək Zərərçəkmişlərin Milli Təşkilatının “Bərpaedici ictimai ədliyyə: hərəkətə çağırış” adlı monoqrafiya nəşr etdikdən sonra  oldu, bundan sonra BMT, Avropa Şurası və Avropa İttifaqı bərpaedici təcrübələri təşviq etməyə başladılar.

Bərpaedici ədliyyədə zərərçəkmiş və cinayət törətmiş şəxs arasında mediasiya və dialoq, ailəvi qrup görüşləri, eləcə də dairələrin qurulması metodlarından daha geniş istifadə olunur. Bütün bu prosedurların məqsədi zərərçəkmişlə cinayət törətmiş şəxslərin birbaşa dialoqunun təşkilindən, yəni onları törədilmiş  cinayət və ya qanun pozuntusu ilə əlaqədar üz-üzə gətirilməsindən ibarətdir. Bu prosesdə tərəflərin onlara xidmət göstərən ən azı ümumi bir vasitəçisi olur, vasitəçilər əvvəlcədən tərəflərin hazırlığı ilə məşğul olurlar. Bu görüşlərin əsasən məqsədi nə baş verdiyini bilməkdən, onun təsirinin müəyyənləşdirilməsindən, müəyyən qədər ümumi anlaşmaya gəlməkdən və adətən vurulmuş zərərin necə ödəniləcəyi barədə razılığın əldə olunmasından ibarət olur. 

  Zərərçəkmiş və cinayəti törətmiş şəxslər arasında mediasiya ən köhnə prosedur olmaqla, adətən mülkiyyət əleyhinə olan cinayətlər və yüngül xəsarətlər zamanı istifadə olunur. Bu prosedurda zərərçəkmiş və cinayəti törətmiş şəxsdən, eləcə də vasitəçidən savayı kiçik sayda dəstək verən şəxslərin (valideyn və dostlardan) müşayiətindən istifadə olunur. 

 Ailəvi qrup görüşləri (FGC Family Group Conference) cinayət törətmiş yetkinlik yaşına çatmayanları rəsmi ədalət mühakiməsindən yayındırmaq məqsədilə Yeni Zelandiyada yaranmışdır. Mediator vasitəsilə təşkil olunan bu rəsmi görüşdə dəstək verən tərəflər, yəni ailə üzvləri, qonşular, dostlar, polis və sosial işçilər  iştirak edə bilər, bu görüşdə cinayət törətmiş yetkinlik yaşına çatmayanın müdafiəsi və problemin həlli məqsədilə tədbirlər görülər. Bu yanaşma qanun pozuntusu törətmiş şəxsə məsuliyyətinin öz üzərinə götürülməsi və davranışının düzəldilməsinə imkan yaradır.  

Dairələr (Restorative Justice Circles) müxtəlif olur, (“barışdırıcı dairə”, “zərərin bərpası dairəsi” və “cəzanın təyin edilməsi dairəsi”) iştirakçıların sayı və növü Ailəvi  Görüşlərdə olduğu kimi olur, bununla belə cəmiyyətin daha geniş nümayəndələri, yəni maraqlı tərəfləri, cinayət işləri üzrə ədalət mühakiməsi sisteminin təmsilçiləri və ya əlavə vasitəçilər cəlb olunurlar. Bu prosesdə hər bir dairə iştirakçısı özünü təqdim edir, həmçinin dairə ilə əlaqəsi barədə məlumat verir, cavabdeh, eləcə də maraqlı tərəflər hadisə baş verməmişdən  əvvəl, törədilmə zamanı və sonra nə olduğunu izah edir, eləcə də bununla bağlı öz hisslərini və sair məsələləri bildirirlər,  dəstək verən tərəflər  məsələ ilə bağlı öz fikirlərini ifadə edir, vasitəçilər isə prosesi idarə etmək üçün suallar ünvanlayırlar. Dairə yanaşması bir sıra ölkələrin orta məktəblərində də tətbiq olunur.

Zərərçəkmişlə cinayət törətmiş şəxs arasında dialoq (Victim-offender dialogue) yuxarıda qeyd olunan mediasiya metodundan irəli gəlir, bu yanaşma  sağlamlığa ağır zərər vurmada, adam öldürmədə, nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması nəticəsində ölüm baş verdikdə və sair ağır cinayət zamanı istifadə olunur.    

Yeni yanaşmalardan biri də ABŞ-ın Şimali Karolina Ştatında 2011-ci ildən tətbiq olunmağa başlayan Məhkumların Bərpası üzrə Mediasiya Proqramıdır (Prisioner Re-Entry Mediation Program).[2] Bu proqram mübahisələrin alternativ həlli mexanizmlərinin yalnız məhkəmə prosesini önləmək üçün deyil, həm də cinayətlərin residivinin qarşısının alınmasında da istifadənin mümkünlüyünü göstərir.

Bu proqram çərçivəsində azadlığa çıxmasına bir ilə yaxın müddət qalmış məhkumların qarşı tərəflə barışığın və inamın yaradılması yolu ilə könüllü və konfidensial   görüşü təşkil olunur. Bu proqrama məhkumun ailə üzvləri, əvvəlki işə götürəni və mənsub olduğu dini icmanın üzvləri kənar iştirakçı kimi cəlb oluna bilərlər. Bu proqrama həmçinin yaşayış sahəsi ilə təminat, məşğulluğun təmin edilməsi, müstəqilliyin və məsuliyyətin artırılması, ailəyə reinteqrasiya kimi tədbirlər daxil edilə bilər. Bununla əlaqədar tərəflər son məqsədə çatmaq üçün hər bir məsələ ilə bağlı əhatəli plan hazırlayırlar. Müstəqil hazırlanmış yekun müqavilə yol xəritəsi kimi tərəflər arasında sağlam münasibətləri və məhkumun cəmiyyətə reinteqrasiyasını təmin edir. Proqram üç dənə iki saatlıq mediasiya sessiyalarından ibarət olur, onun iki sessiyası cəzaçəkmə müəssisəsində, üçüncü sessiyası isə azadlıqda aparılır.

Proqramın məqbul olunması kriteriyaları məhkumun 12 ay ərzində cəzaçəkmə müəssisəsindən azad olunmasını və ya icma əsaslı korreksiya proqramlarında iştirakını ehtiva edir.

Dövlətlərdən asılı olaraq, habelə təşkilatı baxımdan bərpaedici ədliyyə cinayət törətmiş şəxslə zərərçəkmiş arasında mediasiyanın, bərpaedici, ailə, qrup iclaslarından və sair tədbirlərdən ibarət olur, eyni zamanda penitensiar və probasiya sistemlərində da tətbiq olunur. 

Bu sahədə mühüm praktiki və konseptual məsələlər Avropa Şurası çərçivəsində də həyata keçirilməkdədir. Şuranın Nazirlər Komitəsinin bərpaedici ədliyyə ilə bağlı üzv dövlətlər üçün 2018-ci ildə qəbul etdiyi Tövsiyəsinə (№ CM/Rec(2018)8) əsasən bərpaedici ədliyyə cinayət prosesinin istənilən mərhələsində tətbiq oluna bilər. Ümumiyyətlə, bu sahənin cəmiyyətimizdə də maraq doğurması və əhəmiyyətli hesab edilməsi səbəbindən son illərdə ölkəmiz tərəfindən bərpaedici ədliyyənin elementləri geniş şəkildə öyrənilməyə başlanılıb, bu istiqamətdə bəzi təşkilati və institusional fəaliyyətlər həyata keçirilir. Bu sahədə bir sıra beynəlxalq tədbirlərdə, o cümlədən elmi və işçi konfrans və forumların işində yaxından iştirak edilir, bu institutun faydalı tərəflərinə dair məlumatlar və bilgilər təhlil edilib araşdırılır.

            Xüsusilə qeyd etmək lazımdır ki, 2021-ci il dekabrın 13-14-də İtaliyanın AŞ Nazirlər Komitəsində sədrliyi çərçivəsində Venesiyada keçirilmiş Avropa ədliyyə nazirlərinin konfransında bərpaedici ədalətin tətbiqi, cinayət qurbanları və cinayətkarlar arasında barışığa nail olunması, məhkum edilmiş yetkinlik yaşına çatmayanların reinteqrasiyası kimi məsələlər müzakirə olunaraq nazirlər tərəfindən təqdimatlar edilmişdir[3]. Həmin tədbirdə ölkəmizi təmsil edən ədliyyə naziri Fikrət Məmmədov dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə davamlı inkişafın, sabitliyin və təhlükəsizliyin təmin olunmasını, mütərəqqi hüquqi islahatların aparılmasını qeyd etməklə, bərpaedici ədalət mühakiməsinin tətbiqi ilə bağlı Azərbaycan təcrübəsi ilə bölüşüb, bu sahədə görülən işlər barədə geniş məlumat verib. Konfransda eyni zamanda yeniyetmə məhkumların cəmiyyətə reinteqrasiyası üzrə görülən müxtəlif institusional və praktiki tədbirlər, BMT-nin Uşaq Fondu (UNICEF) və vətəndaş cəmiyyəti ilə effektiv əməkdaşlıq və birgə layihələr qeyd edilib, bu sahədə təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb.

            Avropa ədliyyə nazirlərinin qeyd olunan konfransında “Cinayət işlərində bərpaedici ədliyyənin rolu haqqında Venesiya Bəyannaməsi” qəbul edilmiş, tərəflər üçün bir sıra öhdəliklər müəyyən edilmişdir. Bu sənədə əsasən üzv dövlətlər bərpaedici ədliyyə sahəsində milli qanunvericilik vasitəsilə cinayət işlərində AŞ-nın Bərpaedici ədliyyə haqqında 2018-ci il tarixli 8 saylı Tövsiyəsinin həyata keçirilməsi üçün milli fəaliyyət planları hazırlamaq, bütün maraqlı tərəflər üçün müvafiq bərpaedici ədalət mühakiməsinə çıxış hüququ, yetkinlik yaşına çatmayanlar üçün bərpaedici ədalət mühakiməsinin geniş tətbiqinin təşviq edilməsi məsələləri müəyyən edilmişdir. Bundan əlavə, bərpaedici ədalət mühakiməsinin, onun prinsip və üsullarının, cinayətkarların reinteqrasiyası və s. kimi məsələlərin həyata keçirilməsini stimullaşdırmaq, bərpaedici ədliyyə üzrə aidiyyəti vəzifəli şəxslər üçün təlimlərin keçirilməsi, tədris proqramlarına bu məsələnin daxil edilməsi və bərpaedici ədalət mühakiməsinin rolu və faydalarının geniş ictimaiyyətə çatdırılmasına yönəlmiş layihələr vasitəsilə hüquqi maarifləndirmə tədbirlərinin həyata keçirilməsi Bəyannamənin mühüm müddəalarından hesab edilir. Eyni zamanda sənədə əsasən bu mövzuda bilik, qabaqcıl təcrübə və həqiqi elmi tədqiqatlar mübadiləsini asanlaşdırmaq üçün hazırda milli qanunvericiliklə əhatə olunan və üzv dövlətlərin hökumətləri tərəfindən həyata keçirilən bərpaedici ədalət mühakiməsi modellərinin hərtərəfli öyrənilməsini həyata keçirmək, “Avropa Şurasının bərpaedici ədalət mühakiməsi üzrə Yüksək Səviyyəli Prinsipləri”ni işləyib hazırlamaq qarşıda duran əsas çağırışlardan hesab olunur.

            Qeyd olunmalıdır ki, Ədliyyə Nazirliyinin “Beynəlxalq əməkdaşlıq” barədə 30.12.2021-ci il tarixli Kollegiya Qərarına əsasən Avropa ədliyyə nazirlərinin konfransında qəbul edilmiş Venesiya Bəyannaməsinin icrası üzrə aidiyyəti tədbirlər görülməsi tapşırılmışdır. Bu tapşırıqlara əsasən bərpaedici ədliyyə üzrə bir sıra mühüm işlər görülür,  həm ədliyyə orqanlarının nümayəndələri, həm də vətəndaş cəmiyyətinin təmsilçiləri tərəfindən beynəlxalq tədbirlərdə və forumların işində aktiv fəaliyyətlər həyata keçirilir. Təqdirəlayiq haldır ki, bərpaedici ədliyyə sahəsində nüfuzlu qurumlardan biri olan Avropa Bərpaedici Ədliyyə Forumuna (EFRJ) ölkəmizdən Ədliyyə Nazirliyinin  və Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyinin direktoru Kəmalə Aşumova üzv olmuşlar. Bu Forum bütün Avropada və ondan kənar bərpaedici ədliyyə sahəsində fəaliyyət göstərən mütəxəssisləri, dövlət qurumlarının əməkdaşlarını və alimləri özündə birləşdirən beynəlxalq şəbəkədir. 2000-ci ildə yaradılmış Avropa Bərpaedici Ədliyyə Forumu mütəxəssislərdən ibarət olan Avropanın ən böyük təsisatlarından  biridir, təxminən 400-dən çox  üzvü, o cümlədən 80-nə yaxın təşkilatı əhatə edir. Forumun Katibliyi Belçika Krallığının Löven (Leuven) şəhərinin Löven Kriminologiya İnstitutunun (LINC) binasında yerləşir[4].

Yeri gəlmişkən, 2022-ci ilin 22-25 iyun tarixlərində qatıldığım İtaliyanın Sassari şəhərində Forumun “Sərhədsiz ədliyyə: Ünsiyyət və məkan vasitəsilə bərpaedici əlaqələr” adlı 11-ci konfransında dünyanın 42 ölkəsindən 347 nümayəndə təmsil olunmuşdur. Konfransda dünyanın bir sıra ölkələrindən mütəxəssislər, mediatorlar, eləcə də müxtəlif dövlət qurumlarının nümayəndələri bərpaedici ədliyyənin əhəmiyyəti və öz təcrübələri barədə çıxışlar etmişlər. Tədbir çərçivəsində bir sıra görüşlər keçirilmiş, o cümlədən konfransda iştirak edən İtaliyanın ədliyyə naziri xanım Marta Kartabia ilə görüşdə bərpaedici ədliyyəni Avropada təşviq edən Venesiya Bəyannaməsi ilə bağlı tərəfimizdən görülmüş işlər haqqında qısa məlumat verilmişdir. Eyni zamanda, Avropa Bərpaedici Ədliyyə Forumunun İdarə Heyətinin hazırki sədri Tim Çapman və ilk sədri İvo Aertsenlə, İdarə Heyətinin üzvü Maya Çoçua, eləcə də təşkilatın icraçı direktoru Edit Törzslə görüş keçirilmiş, ölkəmizdə aparılan məhkəmə-hüquq islahatları, o cümlədən yuvenal ədliyyə sahəsində görülmüş işlər haqqında məlumat verilmiş, qarşı tərəf məlumatları maraqla qarşılamış və bərpaedici ədliyyənin Azərbaycanda təşəkkül tapması, həmçinin Forumla əlaqələrin inkişaf etdirilməsi ilə əlaqədar fikir mübadiləsi aparılmışdır.

                     (EFRJ İdarə Heyətinin üzvləri ilə görüş, Sassari şəhəri, İtaliya)

Avropa Forumu bərpaedici ədliyyə anlayışını qanun pozuntusunun aradan qaldırılması, həmçinin ədalətin təmin olunması məqsədilə zərərçəkmişləri cəlb etməklə zərərin və ya zərərin vurulma riskinin aradan qaldırılması və razılığın əldə olunması üçün bir yanaşma kimi müəyyən edir [5]

Bərpaedici ədliyyənin müstəqil mexanizm olaraq üç əsas elementi vardır: qarşılaşma, bərpa və transformasiya. Bunlar bərpaedici ədliyyənin məqsədləri baxımından bir-biri ilə əlaqəli anlayışlardır və hər bir element fərdi xarakterə malik olmaqla, olduqca vacib hesab edilir. Bu elementləri birlikdə cinayət qurbanlarının, cinayətkarların və cəmiyyət üzvlərinin yaşaya biləcəyi rifah və bütövlüyə doğru yönələn bir yol qismində təsəvvür etmək olar. Qarşılaşma bərpaya, bərpaetmə isə transformasiyaya, dəyişikliyə səbəb olur.

            Yəni, bərpaedici ədliyyə cinayət və ya konflikt nəticəsində zərərçəkənləri və zərərə görə məsuliyyət daşıyanları ünsiyyətə cəlb edərək, konkret insidentdən təsirlənən hər kəsə zərərin aradan qaldırılmasında və irəliyə doğru müsbət yol tapmaqda yardımçı olmağa imkan verir. Əslində bərpaedici təcrübəyə malik olmaq universal əhəmiyyəti ilə fərqlənən daha geniş sahəni əhatə edir və bu təcrübə insanların effektiv və müsbət ünsiyyət qurmasına imkan verməklə münaqişənin qarşısını almaq, əlaqələr qurmaq və zərəri aradan qaldırmaq üçün hər yerdə istifadə edilə bilər. Bərpaedici təcrübə məktəblərdə, uşaq xidmətlərində, iş yerlərində, xəstəxanalarda, icmalarda və cinayət mühakimə sistemində getdikcə daha çox istifadə olunur. Bu, fərdlərə və qruplara bir məsələ ilə bağlı qarşılıqlı anlaşmanı təkmilləşdirmək və birgə ən yaxşı həll yoluna nail olmaq üçün birlikdə işləməyə imkan verir.

            Bərpaedici ədalət mühakiməsini hansı sahələrə tətbiq etmək olar? Yuxarıda qeyd etdiyimiz Bərpaedici Ədliyyə Forumunun mövqeyinə görə bərpaedici ədalət mühakiməsini aşağıdakı sahələr üzrə tətbiq etmək olar: zorakı ekstremizm, həbs, cinsi zorakılıq, ekoloji ədliyyə, yuvenal ədliyyə, bərpaedici icma (şəhərlər) və hal-hazırda COVİD-19 pandemiyası ilə əlaqədar yaranan mübahisələr.

            Əlbəttə, bütövlükdə cəmiyyətdə, təşkilatlarda, məktəblərdə, ailələrdə və ədalət mühakiməsi sistemində, insanların zərər gördüyü və böyük ictimai təhlükə mövcud olmayan hər yerdə bərpaedici ədliyyə mövcud ola bilər. Bərpaedici ədalətin dəyərləri, prinsipləri və təcrübələri müasir Avropanın, o cümlədən ölkəmizin üzləşdiyi bir çox sosial, mədəni və şəxsi problemlərə uyğundur. Xüsusilə, oğurluq və zorakılıq, başqasının irqinə, mədəniyyətinə, dininə, cinsinə və ya cinsiyyətinə nifrət, zorakı ekstremizm və ya terrorizm, küçə zorakılığı və iğtişaşlar kimi ümumi cinayətlər əhalinin əksəriyyət təbəqələrində qorxu və qəzəb doğurur. Bu zərərlərin çoxu məktəblərdə və məhəllələrdə yaşanır. Cinayət mühakimə sistemi və digər tənzimləyici sistemlər, (məsələn inzibati, mülki və s.) əlbəttə ki, qaydaların və qanunların pozulmasına cavab verir. Onlar da çox cinayəti törədənə diqqət yetirməyə meylidirlər. Onlar zərər və münaqişə nəticəsində yaranan sıxıcı emosiyaları həll etmək üçün mübarizə aparırlar. Bundan əlavə, sistem sosial münasibətlər və birlik qurmaq, müxtəlif mədəniyyətlərə malik insanların bir-birini görüb başa düşmələrinə imkan yaratmaq, vətəndaşlar arasında daha böyük hörmət və qarşılıqlı öhdəliklər yaratmaq üçün nəzərdə tutulmayıb.

            Bərpaedici ədliyyə isə əsas səbəblərin aradan qaldırılmasında və bir çox müasir sosial problemlərin həlli yollarının tapılmasında öz effektivliyini nümayiş etdirir. Bu sistem sosial münasibətlər qurmaq, bu münasibətləri bərpa etmək, antaqonist fərdlər və ya qruplar arasında qarşılıqlı anlaşma yaratmaq və başqalarının hisslərinə, ehtiyaclarına və dəyərlərinə hörmət etmək üçün şəxsi məsuliyyəti gücləndirmək missiyasını həyata keçirir. Bu mexanizm insanları ədalətsizliyi aradan qaldırmaq, zərəri bərpa etmək, dialoq və razılaşma yolu ilə iztirabları azaltmaq üçün bir araya gətirməklə təhlükəsizlik və əmin-amanlığı bərpa edir. Bərpa prosesləri sosial inteqrasiyaya səbəb olur, ədalət, təhlükəsizlik, sülh şəraitində yaşama, təhsil, sosial inkişaf, ailə dəstəyi, uşaq hüquqları və uşaqların rifahı, habelə təşkilat və icma həyatı kontekstlərində uyğun və effektiv bir mexanizmdir.

            Ona görə də, bütün bu məqsədlərə nail olunması üçün bərpaedici ədliyyənin bir sıra mühüm prinsipləri formalaşmışdır:

  1. Cinayət insanlar arasında münasibətlərin pozulmasıdır. Cinayət qurbanlara, icmalara və cinayətkarlara zərər verir və hər şeyi yoluna qoymaq üçün öhdəliklər yaradır. Bərpaetmə vurulmuş zərərin aradan qaldırılması və cəmiyyətdə münasibətlərin yenidən bərpası deməkdir.
  2. Zərərçəkənlər və cəmiyyət bərpaedici ədalət mühakiməsi prosesində mərkəzi rol oynayır. Bütün tərəflər cinayətə reaksiyanın bir hissəsi olmalıdır – qurban (əgər o, iştirak etməyi seçərsə), cəmiyyət və cinayətkar.
  3. Bərpaedici ədalət mühakiməsi prosesinin əsas məqsədi qurbanlara kömək etmək və ehtiyacları həll etməkdir. Qurbanın mövqeyi cinayət nəticəsində dəyən zərərin necə bərpa olunacağını müəyyən etmək üçün açardır.
  4. Bərpaedici ədalət mühakiməsinin ikinci dərəcəli məqsədi cəmiyyəti mümkün qədər bərpa etməkdir. Cinayətkar törətdiyi səhvlərə görə qurbanlar və cəmiyyət qarşısında şəxsi məsuliyyət daşıyır. Bərpaedici ədalət mühakiməsi prosesində iştirak edən tərəflər fəaliyyət üçün tərəfdaşlıq yolu ilə zərərin aradan qaldırılması üçün məsuliyyəti bölüşürlər. Cəmiyyət həm qurbanlar, həm də cinayətkarlar da daxil olmaqla, bütün üzvlərinin rifahı üçün məsuliyyət daşıyır.
  5. Bütün insanların ləyaqəti və dəyəri var. Qurban və cinayətkar hər ikisi hörmət və ləyaqətlə irəliləməyə qadirdir və mümkün qədər daha geniş ictimaiyyətə yenidən inteqrasiya olunurlar.

Baxmayaraq ki, milli qanunvericilikdə bərpaedici ədliyyə institutu təsbit olunmayıb, lakin ölkəmizdə bununla əlaqədar bir sıra işlər görülmüş, o cümlədən Ədliyyə Akademiyasında təlimlər keçirilmiş, bu sahədə beynəlxalq standartlar, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən hüquq pozuntularının profilaktikası, bərpaedici ədalət mühakiməsi, yayındırma xidmətləri, uşaqlara münasibətdə cinayət təqibinin və məhkəmə baxışının həyata keçirilməsinin xüsusiyyətləri və digər mövzulara xüsusi diqqət yetirilmiş, beynəlxalq təşkilatların iştirakı ilə birgə layihələr icra olunmuşdur.

Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkməsinin “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” 30 iyun 2008-ci il tarixli qərarına əsasən məhkəmələr yetkinlik yaşına çatmayanın CM-nin 72 (Səmimi peşmanlıqla bağlı cinayət məsuliyyətindən azad etmə) və 73-cü (Zərərçəkmiş şəxslə barışmaqla bağlı cinayət məsuliyyətindən azad etmə) maddələrində nəzərdə tutulan əsaslarla cinayət məsuliyyətindən azad edilməsinin mümkünlüyü məsələləri də diqqətdən yayınmamalıdır[6]. İlk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş yetkinlik yaşına çatmayan şəxsin təqsirini könüllü boynuna alması, səmimi peşmançılığı, zərərçəkmişlə barışması bir qayda olaraq onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas kimi götürülməli hallar ölkəmizin praktikasında mövcud olan bərpaedici ədliyyənin elementlərindəndir.

            Bu sahədə BMT-nin Uşaq Fondu ilə (UNICEF) səmərəli fəaliyyət həyata keçirilir və bu qurum bərpaedici ədliyyənin təşviq edilməsi ilə bağlı ölkəmizdə mühüm işlər görür. Qurumun yuvenal ədliyyə sahəsində islahatlara dəstək məqsədilə probasiya və mediasiya xidmətləri üzrə beynəlxalq standartların Ədliyyə Nazirliyinə və digər maraqlı tərəflərə təqdim olunması üçün qiymətləndirmə və tövsiyələri özündə əks etdirən hesabatında bərpaedici ədliyyə konsepsiyasının tərkibi olan mediasiyanın tətbiqi ilə bağlı beynəlxalq təcrübə və onun ölkəmizdə inkişafı ilə bağlı təkliflər hazırlanmış, xüsusilə yuvenal ədliyyə sahəsində bərpaedici ədalət mühakiməsi və islahetmə elementlərini ehtiva edən bir sıra mühüm məsələlərə diqqət yetirilmişdir.

Məlumat üçün bildirilir ki, Ədliyyə Nazirliyi UNICEF-lə 2008-ci ildən ölkəmizdə yuvenal ədliyyənin inkişafı sahəsində əməkdaşlıq edir, bu sahədə birgə fəaliyyət planları imzalanaraq həyata keçirilmiş, uşaq yönümlü ədalət mühakiməsinin inkişafı ilə əlaqədar bir sıra tədbirlər görülmüş, o cümlədən  xarici və yerli ekspertlərin iştirakı ilə hakimlərə və probatorlara təlimlər təşkil edilmiş, respublikanın bir sıra ağır cinayətlər məhkəmələrində yetkinlik yaşına çatmayan zərərçəkmiş və şahidlərin dindirilməsi üçün texniki avadanlıqlarla təchiz edilmiş xüsusi otaq və məhkəmə zalları hazırlanaraq istifadəyə verilmişdir.

Həmçinin Ədliyyə Nazirliyi, UNICEF-in Azərbaycandakı Nümayəndəliyi və Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyi ilə birgə əməkdaşlıqda Probasiya xidmətinin qeydiyyatında olan, həmçinin  Penitensiar xidmətin müvafiq müəssisələrində saxlanılan yetkinlik yaşına çatmayanların asudə vaxtlarının səmərəli təşkili və sosial psixoloji vəziyyətlərinin yaxşılaşdırılması, həmçinin Azərbaycanda uşaqların cəzaçəkmə müəssisəsinə düşməsinin qarşısının alınması məqsədilə sosial-psixoloji fəaliyyəti genişləndirmək üçün xüsusi təlimlər təşkil etməklə cinayət törətmiş uşaqların reabilitasiya və reinteqrasiya istiqamətində işlər görülür. Bundan əlavə bu yaxınlarda bərpaedici ədliyyənin müəyyən elementlərini özündə ehtiva edən birgə işlərə başlanılaraq Probasiya xidmətinin  qeydiyyatında olan və Penitensiar xidmətin Tərbiyə müəssisəsində, eləcə də istintaq təcridxanalarında saxlanılan yetkinlik yaşına çatmayan məhbusların törədikləri cinayət işləri öyrənilərək onlara peşəkar vəkillər tərəfindən hüquqi yardım göstərilir, onların zərərçəkmişlərlə barışığına nail olunması, ziyanın ödənilməsi  və sair zəruri tədbirlər görülür.   

Uşaq hüquqları sahəsində digər bir mühüm yanaşma yayındırma fəaliyyətidir (Diversion), qanunvericiliymizdə nəzərdə tutulmasa da,  artıq uzun müddətdir ki, Daxili İşlər Nazirliyinin və UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin dəstəyi ilə Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyi tərəfindən Azərbaycanda cinayətə meylli yetkinlik yaşına çatmayanlar müəyyən edilərək onların yayındırılması həyata keçirilir. Yayındırma konsepsiyası BMT-nin “Uşaq Hüquqları haqqında” Konvensiyası (UHK) və digər beynəlxalq standartlarla tam uzlaşır, belə ki, onun məqsədi uşaqları mümkün qədər uzun müddətə rəsmi ədalət mühakiməsi sistemindən kənarda saxlamaqdır. Əsasən məhkəmə araşdırılmasından öncə tətbiq olunan yayındırma xidmətləri kriminal davranışın təməl səbəblərini aradan qaldırmaq üçün fəal müdaxilə tədbirlərini ehtiva edir. Yayındırma qanunla münaqişədə olan uşaqları formal hüquqi prosedurlardan kənarlaşdırmaqla insan hüquqlarının müdafiəsi şərti ilə onların rəsmi araşdırmanın neqativ nəticələrindən qorunması məqsədilə hazırlanmış xüsusi prosedur və proqramların hazırlanmasından ibarətdir. Onun tərkib elementlərinə sosial qiymətləndirmə və planlaşdırma, uşaqların ehtiyacları əsasında xidmətlərin göstərilməsi, nəticələrin təhlili və qiymətləndirilməsi daxildir.

Beləliklə, hazırda bərpaedici ədliyyənin tətbiqi və yayındırma fəaliyyətinin inkişafı, bu sahədə beynəlxalq təcrübənin və xarici ölkə qanunvericiliyinin öyrənilməsi üzrə fəaliyyətlərimiz, habelə Forumla səmərəli əməkdaşlığımız davam etdirilir.

                                                                 


[1] Restorative Justice: Some Facts and History by Marilyn Amour

[2] Alternative Dispute Resolution in North Carolina. Elizabeth P.Manley

[3] https://www.justice.gov.az/news/3179

[4] www.euforumj.org

   [5] Manual on Restorative Justice- values and standards for practice. EFRJ

[6] ttps://supremecourt.gov.az/post/view/166