“TEHRANDAKI AZƏRBAYCAN SƏFİRLİYİNDƏ TÖRƏDİLMİŞ ƏMƏL İNSANLIQ ƏLEYHİNƏ CİNAYƏTDİR” – DR. SƏYYAD MƏCİDOV

“27 yanvar 2023-cü ildə Azərbaycanın Tehrandakı səfirliyində törədilmiş beynəlxalq cinayət əməli insanlıq əleyhinə cinayət kimi qiymətləndirilməlidir. Bu fikirləri Ədliyyə Nazirliyinin əməkdaşı, hüquq elmləri üzrə fəlsəfə doktoru Səyyad Məcidov bildirmişdir. Qeyd edək ki, “Kalaşnikov” silahı ilə silahlanmış şəxs Azərbaycan səfirliyinə hücum edərək, mühafizə xidmətinin rəisini qətlə yetirdi, iki nəfəri yaraladı.

Səyyad Məcidovun sözlərinə görə, “Azərbaycanın diplomatik nümayəndəliyinə edilmiş silahlı hücum insanlığa qarşı törədilmiş cinayət əməli kimi qiymətləndirilməlidir. Çünki, beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətin ən mühüm əlamətləri ondan ibarətdir ki, birincisi bu cinayət əməlinə dövlət qurumları tərəfindən rəvac verilir, ikincisi isə əməl sistematik olaraq törədilir. Səfirliyin qarşısında baş vermiş hadisələrin video görüntüləri də onu deməyə əsas verir ki, binanın qarşısında xidmət həyata keçirən polis tərəfindən hərəkətsizlik edilib və ya cinayətə rəvac verilib.

Yeri gəlmişkən qeyd edim ki, ölkəmizin ədliyyə naziri Fikrət Məmmədov tərəfindən İranın ədliyyə nazirinə edilmiş müraciətdə də ölümcül gücə malik avtomatik silahla törədilmiş, insan tələfatı və xəsarətləri ilə nəticələnən bu xain terror hücumu qətiyyətlə pislənilir və bu cinayət əməli insanlıq əleyhinə və beynəlxalq hüquq normalarına zidd əməl kimi qiymətləndirilmişdir.

Bütün hallarda əməl beynəlxalq və milli hüquqa, əxlaqa, eyni zamanda İslam hüquq normalarına zidd olan cinayət əməlidir. Bu silahlı hücum ilə 1961-ci il Diplomatik əlaqələr haqqında Konvensiyanın  tələbləri kobud şəkildə pozulub və bu əmələ görə beynəlxalq məsuliyyət müəyyən olunmalıdır.

Bu cinayətin insanlıq əleyhinə cinayət olmasını sübut edən digər fakt əməlin sistematikliyidir. Yəni bu, İranda törədilən ilk silahlı hücum aktı deyil. Müxtəlif vaxtlarda anoloji cinayətlər ABŞ, Pakistan, Çin, Səudiyyə Ərəbistanı və s. ölkələrin Tehrandakı səfirliklərinə qarşı törədilib.  

“Ümid edirik ki, bu cinayətlə bağlı obyektiv və ədalətli istintaq və məhkəmə araşdırması aparılacaq. Obyektiv araşdırılmanın aparılması üçün qoruyucu yurisdiksiya üzrə Azərbaycan dövlətinin maraqları üçün təhlükə törətdiyi və dövlətimiz üçün mənfi nəticələr yaratdığına görə cinayətin harda baş verməsindən asılı olmayaraq cinayət yurisdiksiyası Azərbaycana da şamil olunmalı, və ya cinayətin araşdırılması hər hansı üçüncü dövlət, yaxud da hibrid istintaq qurumu tərəfindən aparılmalıdır”- deyə S.Məcidov bildirib.