QADIN ZORAKILIĞI İLƏ BAĞLI LAYİHƏYƏ START VERİLİB

Beynəlxalq Hüquq Assosiasiyası İctimai Birliyi, Demokratik İslahatlar və Hüquq İctimai Birliyi, Azərbaycan Maarifçi Gənclər Təşkilatı İctimai Birliyi, Turizmin İnkişafına Kömək İctimai Birliyindən ibarət koalisiya Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2022-ci il qrant müsabiqəsi çərçivəsində  “Məişət zorakılığına qarşı mübarizə və qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması təşəbbüsləri”  istiqaməti üzrə “Məişət zorakılığı zəminində qadınlara qarşı fiziki, psixoloji və cinsi zorakılıq hallarına qarşı mübarizə təşəbbüsləri” mövzusunda “Qadınlara qarşı zorakılıq ailəni və ailə dəyərlərini sarsıdır” layihəsinin həyata keçirilməsinə başlamışdır. Layihə 5 ay ərzində Ağstafa və Tovuz rayonlarında həyata keçiriləcəkdir.

Layihənin ideyası qadınlara qarşı zorakılığın olmadığı cəmiyyətin təşviq edilməsidir. Layihə qadınlara qarşı zorakılıq ilə bağlı kənd əhalisi arasında mövcud olan dünyagörüşünün dəyişməsinə yardım göstərilməsinə, onunla mübarizə  və  qurbanların müdafiəsi barədə qanunvericilik və dövlət orqanlarının imkanları biliklər əldə edilməsinə və bu hallarla mübarizə problemlərinə, konfidensial müraciətlər əsasında müvafiq dövlət orqanlarına müraciət edilməsinə yardım göstərilməsinə həsr edilmişdir. Qadınlara qarşı zorakılığın təhlükəli nəticələrindən biri də ailənin möhkəmliyinə, uşaqların təbiyəsinə və gələcəyinə mənfi təsir göstərməsidir. Daima qadınlara qarşı zorakılıq yaşanan ailədə böyüyən uşaqlar yetərincə qayğı və sevgi görmürlər, onlarda özlərinə qapanma, utancaqlıq, dərslərində geriləmələr müşahidə olunur və təlim-tərbiyələrində ciddi çatışmazlıqlar yaranır. Belə mühitdə böyüyən uşaqlar gələcəkdə öz ailələrində zorakı partnyor, ata və qohum olmağa meyilli olurlar. Ruhi və fiziki sağlamlığında qüsurlar olan, eləcə də ölkənin sosial həyatında aktiv iştirakçılığını təmin edəcək təlim-tərbiyəsi düzgün aparılmamış uşaqlar cəmiyyətin inkişafında əhəmiyyətli rol oynaya bilmir. Bu pozuntuların mühüm cəhətlərindən və onunla mübarizəni çətinləşdirən xüsusiyyətlərindən biri onun latentliyidir. Belə problemlərə qız uşaqlarının erkən nikahlara məcbur edilməsini də əlavə etmək lazımdır. Son nəticədə qadınlara qarşı zorakılıq ailədə psixoloji vəziyyəti gərginləşdirir, ailəni sarsıdır və onun dağılmasına  gətirir.

Layihə zorakılığın qadın qurbanlarının müdafiəsi və  əlçatanlığı ilə bağlı praktiki  biliklərin əldə edilməsinə, qadınlara qarşı zorakılıq ilə baglı dözümlülüklə bağlı komplekslərin  aradan qaldırılmasına, qadınlara qarşı zorakılıqla mübarizədə ictimai rəyin formalaşmasına,  qadınlara qarşı zorakılığın qurbanlarının müdafiə ilə bağlı müraciətlərinin artmasına, qadınlara qarşı zorakılıq hallarının erkən müəyyən edilməsinə, qarşısının alınmasına və məişət zorakılığı qurbanlarının müdafiəsinə kömək edəcəkdir.

Layihə çərçivəsində qadınlara qarşı zorakılıqla mübarizə haqqında e-kitabın, kitabçanın və bukletin hazırlanması, regional təlimlərin keçirilməsi nəzərdə tutulur. Təlimlərin rayon icra hakimiyyətləri, yerli icra hakimiyyətləri, bələdiyyələr və digər qurumlarla əməkdaşlıqda həyata keçirilməsi planlaşdırılır. Hər birində 30 nəfər olmaqla  12 təlim təşkil olunacaqdır. Təlimlərə zorakılığa məruz qalan və belə risk altında  olan qadınlar və digər ailə üzvləri dəvət olunacaqlar. Təlimlərdə qadınlara qarşı zorakılığın anlayışı, növləri, zorakılığın qarşısının alınması problemləri, zorakılığa məruz qalmış qadınların müdafiəsinin xüsusiyyətləri, qanunvericilik əsasları kimi mövzular əhatə olunacaqdır. Təlimlər zamanı problemləri olan qadınlarla, həmçinin mətbuat, Facebook səhifəsi ilə və ya şəxsi qaydada müraciət edənlərə konfidensial yardım göstəriləcəkdir.

Layihənin rəhbəri  Mərhəmət Əsgərova