Vyetnamda “Xocalı soyqırımı. 25 İllİk cəzasızlıq” adlı konfrans keçİrİlİb

Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar Vyetnamın paytaxtı Hanoyda “Xocalı soyqırımı. 25 illik cəzasızlıq” adlı konfrans keçirilib.

Azərbaycanın Vyetnamdakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Vyetnam parlamentinin deputatları, Kommunist Partiyasının, Xarici İşlər Nazirliyinin, digər dövlət qurumlarının məsul işçiləri, təhsil ocaqlarının, araşdırma mərkəzlərinin, diplomatik korpusun və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Tədbirin əsas məqsədi gələcəkdə bu cür soyqırımı və kütləvi qırğınların yaşanmaması, habelə Xocalı soyqırımının başvermə səbəblərinin ciddi şəkildə araşdırılması, bu hadisəyə siyasi qiymət verilməsi və faciəni törədənlərin tutduğu vəzifəsindən asılı olmayaraq cinayət məsuliyyətinə cəlb olunması perspektivlərinin müzakirəsindən ibarət olub.

Xocalı soyqırımı qurbanlarının xatirəsi birdəqiqəlik sükutla yad edildikdən sonra səfir Anar İmanov Xocalı faciəsinin XX əsrdə baş verən dəhşətli hadisələrdən biri olduğunu xüsusi deyib. Tədbir iştirakçılarına faciə haqqında dolğun məlumat verən səfir Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətinin təfərrüatlarını izah edərək, məhz bu siyasət nəticəsində bir milyon azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü bildirib.

A.İmanov nüfuzlu beynəlxalq təşkilatların Ermənistanın hərbi qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən təcili və qeyd-şərtsiz çıxarılmasını tələb edən, münaqişənin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipi əsasında həllinə çağıran qətnamələrinin hələ də icra olunmamasının dərin təəssüf hiss doğurduğunu bildirib. O, beynəlxalq təşkilatların öz qərarlarını həyata keçirmək imkanlarının məhdud olduğunu, qərarların beynəlxalq hüquq normalarına əsasən deyil, ayrı-ayrı dövlətlərin siyasi iradəsindən asılı olaraq tətbiq olunmasının beynəlxalq ədalət sisteminə əsas təhdid kimi səciyyələndirib. Bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həllini tapmamasının əsas səbəbləri Ermənistanın qeyri-konstruktiv mövqeyi ilə yanaşı, beynəlxalq vasitəçilərin ədalətsiz mövqe göstərməsidir.

Soyqırımı haqqında beynəlxalq konvensiyaya uyğun olaraq soyqırımını törədənlərin cinayət məsuliyyətinə cəlb olunmasının hər bir ölkənin vəzifəsi olduğunu vurğulayan səfir Xocalı hadisələrini törədənlərin cinayət məsuliyyətinə cəlb olunmasında bütün sülhsevər dövlətləri öz səylərini birləşdirməyi, həm beynəlxalq ədalət strukturlarında, həm də daxili qanunvericilikləri əsasında zəruri tədbirlər görməyə çağırıb. Xocalı soyqırımını törədənlərin bu günədək cəzalandırılmamasının bu kimi cinayətlərin gələcəkdə də təkrarlanmasına zəmin yaradacağı bildirilib.

Vyetnam Milli Assambleyasının (parlament) deputatı, Vyetnam-Azərbaycan Dostluq Təşkilatının sədri Nqiem Vu Xai qadınların, uşaqların və yaşlıların daxil olduğu silahsız mülki əhalinin amansızcasına qətlə yetirilməsini beynəlxalq hüququ tamamilə pozan və ümumiyyətlə, insanlıq dəyərlərini alt-üst edən bir vəhşilik aktı kimi qiymətləndirib. O, Xocalı soyqırımının ciddi şəkildə araşdırılıb bu faciəni törədənlərin mühakimə edilməsinin zəruriliyini bildirib. Dostluq təşkilatının sədri sülhsevər Azərbaycan xalqının ədalətin bərqərar olunması istiqamətindəki səylərini yüksək dəyərləndirib.

Vyetnam Sosial Elmlər Akademiyasının İnsan Araşdırmaları İnstitutunun direktoru Luonq Dinh Hai dünyada milliyyətçiliyin, irqçiliyin və dini ekstremizmin geniş yayıldığını ön plana çəkərək, yekunda bütün sadalananların soyqırımı və kütləvi qırğınlara gətirib çıxardığını xüsusi vurğulayıb. Vyetnam müharibəsi zamanı dinc əhaliyə qarşı törədilmiş Sonqmi soyqırımını xatırladan Luonq Dinh Hai, vyetnamlıların Azərbaycan xalqının hisslərini anladığını, bölüşdüyünü və ürəkağrısı ilə qəbul etdiyini deyib. Sadalananları rəhbər tutan alim bu kimi faciələrin təkrarlanmaması üçün siyasətçilərin, diplomatların və bütövlükdə beynəlxalq ictimaiyyətin üzərinə böyük məsuliyyətin düşdüyünü bildirib.

Vyetnam Siyasət, Hüquq və İdarəçilik İnstitutunun direktor müavini Doan Manh Phuonq Xocalı faciəsi qurbanlarının xatirəsinin təkcə Azərbaycanda deyil, bütün mütərəqqi insanlar tərəfindən anıldığını bildirib.

Azərbaycan Tarixi və Mədəniyyətinin Araşdırmaları Mərkəzinin direktoru, “Xarici İnformasiya İcmalı” jurnalının baş redaktoru Dao Xuan Tien Ermənistan silahlı qüvvələrinin Xocalının dinc əhalisinə qarşı törətdiyi amansız cinayət haqqında oxuduqca böyük üzüntü hissi keçirdiyini bildirib. O, gələcəkdə soyqırımı və kütləvi qırğınların təkrarlanmaması üçün Xocalı faciəsini törədənlərin cinayət məsuliyyətinə cəlb olunmasının böyük əhəmiyyət kəsb etməsi ilə bağlı səslənən fikirlərə şərik olduğunu deyib.

Xo Şi Min Milli Siyasət Akademiyasının İnsan Hüquqları İnstitutunun keçmiş direktoru Danq Dunq Şi azadlıq, ədalət və sülh amalları önündə hər bir insanın bərabər olduğunu ön plana çəkib, Xocalı faciəsi kimi soyqırımlarını bütün bəşəriyyət üçün həyəcan siqnalı kimi dəyərləndirib.

Konfransda, həmçinin səfirlik tərəfindən vyetnamlı gənclər arasında keçirilmiş “Xocalı soyqırımı. 25 illik cəzasızlıq” mövzusunda esse müsabiqəsinin qalibi seçilən Nquyen Thi Lan Phuonq çıxış edərək Xocalı faciəsini törədənlərin ilk sıralarında gedən Serj Sarkisyanın hazırda prezident kürsüsündə əyləşməsi əvəzində həbs olunmasının vacibliyini vurğulayıb. Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək üçün ədalətli mübarizə apardığını bildirən məruzəçi Xocalı faciəsinə layiqli qiymət verilməsinin və dünyanın hər bir dövləti tərəfindən soyqırımı kimi tanınmasının vacibliyini vurğulayıb.

Sonra mövzu ilə bağlı suallar cavablandırılıb, tədbirdə iştirak edən diplomatik korpusun və Vyetnam ictimaiyyətinin nümayəndələri məsələ ilə bağlı öz fikirlərini bölüşüb, beynəlxalq ictimaiyyəti Xocalı soyqırımını törədənlərin cəzasızlığına son qoymağa çağırıblar.

Konfransda “Xocalıya ədalət!” kampaniyası çərçivəsində hazırlanmış sənədli film nümayiş etdirilib, səfirliyin Vyetnam dilinə tərcümə etdirdiyi “Xocalı soyqırımı” kitabının və “İRS” jurnalının Xocalı soyqırımının 25 illiyi ilə əlaqədar dərc olunan buraxılışı tədbir iştirakçılarına təqdim olunub.

Mənbə: AZƏRTAC