Uşaq qatİllərİ cəzasız qalmamalıdır

Bunun üçün beynəlxalq təşkilatlar da sözünü deməlidirlər

İndi ilin elə vaxtıdır ki, kənd yerlərində əhali əkin-biçinlə məşğul olur. İllik ruzisini torpaqdan çıxaranlar sahələrdə məhsul becərir, ot biçir, əkinləri suvarırlar. O gün – avqustun
7-də axsam saatlarında Tovuz rayonunun Qaralar kəndinin balaca sakini Ramin Yusifov da atla ot gətirirdi. Ailəsinin tək oğlu olan Ramin yay tətilində valideynlərinə kömək edir.
Həmkəndliləri kimi o da Ermənistan silahlı qüvvələrinin müntəzəm olaraq kəndlərinə yağdırdıqları atəş səslərinə alışıb. Çünki qismətinə düşmən ölkə ilə sərhəd kəndində doğulmaq düşüb. Ramin Yusifov 2004-cü ildə dünyaya göz açıb, Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında müqavilə isə on il qabaq – 1994-cü ildə bağlanıb. Ancaq o, ağlı kəsən gündən görür ki, Ermənistan tərəfi atəşkəs rejiminə məhəl qoymur. Hələ bilmədikləri də çoxdur, hər şeydən əvvəl erməni hərbi bölmələrinin onun yaşadığı kəndə nə zaman atəş yağdıracaqlarını, silahlarını hara tuşlayacaqlarını anlamır. Bunu təyin etmək də mümkün deyil. Çünki ermənilərin xisləti elədir ki, güllə atdıqları üz-üzə dayandıqları döyüşən əsgərlərdir, yoxsa qadınlar, qocalar, yaxud yataq xəstələri, beşikdəki körpələrdir. Erməni yaraqlıları onların hər birini amansızlıqla, qəddarlıqla qətlə yetirə bilirlər.
Erməni silahlı bölmələrinin Tovuz rayonunun Qaralar kəndinə atdıqları mərmi də atla ot gətirən on üç yaşlı oğlanı elə öz həyətlərində haqladı, qəlpələnərək yerdəki daşla, çınqılla bərabər onun ayaqlarında açdığı yaralara doldu. Ramin Yusifova ilk tibbi yardım dərhal kəndlərindəki həkimlər tərəfindən göstərildi. Yaralarının ciddiliyi məlum olan kimi onu təcili tibbi yardım maşını ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına apardılar. Orada həkimlər müayinə zamanı bədənində çoxsaylı qəlpələr olduğunu müəyyən etdilər.
Ramin o dəhşətli anı belə xatırlayır: “Güllə gəldi yanımdakı daşa dəydi. Qılçama çoxlu qəlpə doldu, mən tez evə qaçdım”. Əslində, Ramin ölümdən qaçmadı. Çünki buna gücü yetməzdi. Sadəcə, bu dəfə ölüm onun bir addımlığından keçdi. Beləcə, onlarca, yüzlərlə Ramin hər gün dəfələrlə öz evlərinin içərisində, öz məktəblərində, kəndlərinin, qəsəbələrinin, rayonlarının məhəllələrində başları üzərindən Ermənistan silahlı qüvvələrinin yağdırdıqları ölüm güllələri ilə nəfəs-nəfəsə yaşayırlar.
Ramin Yusifovun yaşadığı və düşmən gülləsinə tuş gəldiyi Tovuz rayonunun Qaralar kəndinin icra nümayəndəsi də hadisə ilə bağlı danışarkən evlərinin, mülki sakinlərin erməni silahlılarının daim hədəfində olduğunu dedi.
İllərdir hər gün dönə-dönə bu xəbəri eşidirik: “Ermənistan silahlı qüvvələri tərəfindən yaşayış məntəqələrimiz, mülki əhali atəşə tutulub”. Dünya birliyinin, beynəlxalq təşkilatların gözləri qarşısında Ermənistan Respublikası atəşkəs rejiminə əməl etmir, ağrısını isə bizim dinc vətəndaşlarımız çəkirlər. Erməni ordusu mütəmadi olaraq mülki əhalini atəşə tutur. Bu dəfə də erməni gülləsinə tuş gələn on üç yaşlı Ramin olub.
Hələ balaca Zəhramızın heç 40-ı çıxmayıb. Onu da erməni vandalları iyulun 4-də doğulduğu Füzuli rayonunun Alxanlı kəndində nənəsi ilə birlikdə qanına qəltan ediblər. Zəhra hələ dil açırdı, ayaqlarını yerə basmağı, addım atmağı öyrənirdi. Erməni vəhşiləri on səkkiz aylıq körpəyə bu dünyanı dar etdilər. Zəhranın həyatına son qoyanlar indi də başqa bir uşağımızı yaralayıblar. Hədəfdə daha kimlər olacaq?
Ramin Yusifov yaralanandan sonra qohum-qonşuları, həmkəndliləri danışdılar. Onların arasında heç bu kənddə yaşamayan, yay tətilində qohumlarına qonaq gələn uşaqlar da var. Bu uşaqların günahı nədir ki, evdən çölə çıxa bilmirlər…
Ramin ilk dəfə deyilmiş ki, ermənilərin gülləsinin hədəfindəymiş. Atası Sabir Yusifov deyir: “İkinci dəfədir ki, bu uşağa ermənilər güllə atır. Dinc əhaliyə imkan vermirlər ki, çölə çıxsınlar”. Həmkəndliləri Bəndər Zeynalov isə o gün baş verənlər barədə bunları söyləyir: “Saat 6-da başlayırlar gülləbarana. Biz də işləyirik. Uşaq da atla ot gətirirmiş. Güllə atıblar, yerə dəyib, çox şükür ki, uşağı tutmayıb. Qəlpələr ayağını yaralayıb. Sağ olsun komandirlər, maşın göndərdilər, xəstəxanaya çatdırdılar”.
Yalnız Ramin Yusifovun yaralandığı Qaralar kəndində deyil, erməni silahlı bölmələrinin güllə yetirə bildikləri bütün yaşayış yerlərimizdə yaşından asılı olmayaraq dinc sakinlərimiz hər gün xoşbəxt təsadüf nəticəsində sağ qalırlar. Bu vəziyyət nə vaxtadək belə davam edəcək? Bizim soydaşlarımız, məsum uşaqlarımız nə vaxtadək təsadüflər nəticəsində sağ qalacaqlar?
1994-cü ildə atəşkəs rejiminin elan olunmasına baxmayaraq, ötən dövrdə onlarca azərbaycanlı uşaq erməni terrorunun qurbanı olub. Onlardan 14-ü həlak olub.
2011-ci ilin 8 martında erməni snayperinin açdığı atəş nəticəsində Ağdam rayonunun Orta Qərvənd kənd sakini, 2002-ci il təvəllüdlü Fariz Bədəlov qətlə yetirildi. Doqquz yaşlı Fariz ailəsinin yeganə övladı idi.
Bu dəhşətli qətldən az sonra, elə həmin ilin 14 iyulunda başqa bir faciə baş verdi. 1998-ci il təvəllüdlü Aygün Şahmalıyeva valideynləri ilə birlikdə Tovuz rayonunun Ermənistanla həmsərhəd Əlibəyli kəndində, nənəsigilə qonaq gəlmişdi. O, çaydan götürülən oyuncaqla oynayarkən həlak oldu. Bu məsum haradan biləydi ki, Ermənistan xüsusi xidmət orqanları oyuncağa partlayıcı qurğu quraşdırıblar. Həmin vaxt Aygünün anası 1979-cu il təvəllüdlü Elnarə Şahmalıyeva da yaralandı.
Əsrlərdir ermənilər soydaşlarımıza belə zülmlər edirlər. Nə zaman əllərinə fürsət düşürsə, öz məkrli niyyətlərini həyata keçirirlər. 1905-1907-ci illərdə, 1918-ci ildə ermənilər bu millətə qarşı kütləvi qırğınlar törədiblər. O zaman baş verən qanlı hadisələr haqqında yalnız azərbaycanlı müəlliflər deyil, başqa millətlərin nümayəndələri də böyük dəhşət içərisində, həyəcanla yazıblar. Onları ermənilərin uşaqlarımızı, südəmər, hətta analarının bətnində olan körpələrimizi böyük amansızlıqla, işgəncələrlə qətlə yetirdiklərini qələmə alıblar.
Ermənilər sovet dövründə də rejimdən bəhrələnərək azərbaycanlılara qarşı hər cür qanunsuzluqlardan, haqsızlıqlardan çəkinmədilər. 1980-ci illərin sonlarından yenidən kin-küdurətləri alovlandı. 1988-ci ildə soydaşlarımızı sonralar qurduqları Ermənistan dövlətinin əraziləri adlandırdıqları, əslində dədə-baba yurdumuzdan vəhşiliklə qovdular, nə qədər qoca, qadın, uşaq bilmədən insanlarımızı vəhşiliklə qətlə yetirdilər. 1988-ci ilin noyabrında Quqarkda 70-ə yaxın 5 yaşından 12 yaşına kimi uşağı 20 metr uzunluğunda 1,5 diametrdə boruya dolduraraq hər iki tərəfini bağlayıb amansızlıqla öldürdülər. Bu qətliamın üstünü dekabrda baş verən zəlzələ zamanı köməyə gələn fransalı xilasedicilər açanda dəhşətə gəldilər.
1989-cu ildə Kərkicahanda öz bağlarında oynayan 11 yaşlı Nadir İbrahimovla 9 yaşlı Nicat ermənilər tərəfindən güllələndilər. 1988-ci ildə Sevan şəhərində 22 nəfər azərbaycanlı uşağını su quyusuna ataraq boğdular.
1990-cı il 19 yanvar axşamı erməni silahlıları Naxçıvan Muxtar Respublikasının Sədərək kəndinə hücum edib 6 yaşlı Elvin, 4 yaşlı Malik Nəsirzadə qardaşlarını öldürdülər.
Əsrin faciəsi adlandırılan Xocalı soyqırımında 63 uşaq ermənilər tərəfindən amansızlıqla qətlə yetirildi. O zaman fransız jurnalisti Jan İv Yunet yazırdı: “Biz Xocalı faciəsinin şahidiyik. Biz Xocalı müdafiəçilərinin, yüzlərlə dinc sakinin – qadınların, uşaqların, qocaların eybəcər hala salınmış cəsədlərini gözlərimizlə gördük… Ermənilər bizim vertolyotu da atəşə tutduqlarına görə çəkilişi başa çatdıra bilmədik. Amma elə yüksəklikdən gördüklərimiz də törədilən vəhşilikləri təsəvvürə gətirmək üçün kifayət edirdi. Bu, tükürpədici mənzərə idi. 5-6 yaşlı uşaqları, qundaqdakı körpələri, hamilə qadınları vəhşiliklə öldürən ermənilər cəlladlıqda heç kəslə müqayisəyə gəlməzlər”.
Erməni quldurlarının bu millətə tutduqları divan, ürəyimizə vurduqları sağalmaz yaralar saymaqla bitməz. Uzun illərdir ki, onlar ən əzazil yırtıcılar kimi qanımıza susayıblar.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev dəfələrlə bildirib ki, biz müharibə istəmirik, münaqişənin sülhlə həll edilməsinin tərəfdarıyıq. Ölkə rəhbəri böyük əzmlə və qətiyyətlə bu fikri səsləndirir: “Azərbaycan güclü dövlətdir və onun güclü ordusu var”. Biz ümid edirik ki, beynəlxalq təşkilatlar ədalətli davranacaq və Ermənistanın işğalçılıq siyasətinə hüquqi qiymət veriləcək. Qatillər gec-tez cəzalandırılacaq.
Hadisələrin necə davam edəcəyindən asılı olmayaraq, bir həqiqət heç zaman dəyişməyəcək: Ermənistan, onun rəhbəri Sarkisyan və silahdaşları, eləcə də özlərinə bənzəyən sələfləri tarixdə hər zaman uşaq qatilləri kimi lənətlənəcəklər. Və bu həqiqəti də heç nə dəyişməyəcək: Azərbaycanın şərəfli övladları düşmənin uşağına heç bir zaman güllə atmayıb və atmayacaq. Tarix adildir. O hər kəsi öz adı ilə adlandıracaq.
Zöhrə FƏRƏCOVA,
“Azərbaycan”