Azərbaycanın müdafİə nazİrİ “Beynəlxalq Ordu Oyunları-2017” yarışlarının bağlanış mərasİmİndə İştİrak edİb

Moskva şəhərində səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov avqustun 12-də Alabino poliqonunda təşkil edilən “Beynəlxalq Ordu Oyunları-2017” yarışlarının təntənəli bağlanış mərasimində iştirak edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yarışların son günü rəsmi qonaqlar final mərhələsinə çıxmış komandaların mübarizəsini izləyib və müxtəlif müsabiqələrdə qalib gəlmiş hərbi qulluqçuların mükafatlandırılmasında iştirak ediblər.

Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu və müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi ordu generalı Valeri Gerasimov Beynəlxalq Ordu Oyunları çərçivəsində yaradılan Dostluq Evinə gəliblər.

Burada onlar müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə görüşərək birlikdə iştirakçı dövlətlərin mədəniyyət nümunələri nümayiş etdirilən sərginin Azərbaycana aid bölməsində ölkəmizin tarixi, mədəniyyəti, adət-ənənələri, məişətinə aid eksponatlarla yaxından tanış olublar.

“Beynəlxalq Ordu Oyunları-2017” yarışlarının təntənəli bağlanış mərasimi bayram konserti ilə sona çatıb.

Xatırladaq ki, hərbçilərin beynəlxalq yarışlarında Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri “Dəniz kuboku”, “Tank biatlonu”, “Səhra mətbəxi”, “Snayper həddi” və “Artilleriya atəşinin ustaları” müsabiqələrində ölkəmizi yüksək səviyyədə təmsil ediblər.

AZƏRTAC