Müdafİə Nazİrlİyİnİn kollegİyası: Alİ Baş Komandanın BMT-də səsləndİrdİyİ fİkİrlər ordumuz üçün əmrdİr

Müdafiə Nazirliyinin rəhbər heyəti, birlik, birləşmə komandirləri, onların müavinləri, xüsusi təyinatlı təhsil müəssisələrinin rəisləri, digər məsul zabitlərin iştirakı ilə cəbhə bölgəsində döyüş və mənəvi-psixoloji hazırlıq, eləcə də təlimlərin yekunlarına həsr olunmuş geniş kollegiya iclası keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, kollegiya iclasında məsul şəxslərin məruzələri dinlənilib.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov “Silahlı Qüvvələrin 2017-ci il qış tədris dövründə xidməti döyüş fəaliyyətinin nəticələri” mövzusunda məruzə ilə çıxış edib. məruzədə təlimlərin nəticələrini də təhlil edən nazir bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, müxtəlif poliqonlarda keçirilən təlimlərdə qarşıya qoyulan məqsəd və vəzifələr uğurla yerinə yetirilib.

Şəxsi heyətin döyüş qabiliyyətinin və mənəvi-psixoloji hazırlığının yüksək olduğunu xüsusi qeyd edən müdafiə naziri təlimlərin keçirilməsinin əhəmiyyətini vurğulayaraq, Ali Baş Komandanın Silahlı Qüvvələr qarşısında qoyduğu müvafiq tapşırıqları komandir-rəis heyətinə çatdırıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin BMT-nin Baş Assambleyasının 72-ci sessiyasında çıxışı zamanı ötən ilin aprelində təmas xəttində Ermənistan silahlı qüvvələrinin növbəti hərbi cinayəti, ordumuzun bölmələrinin uğurlu əks-hücumu nəticəsində ərazilərimizin bir hissəsinin azad edilməsi barədə səsləndirdiyi fikirləri və toxunduğu bir sıra digər məsələləri iclas iştirakçılarının diqqətinə xüsusi çatdıran müdafiə naziri Silahlı Qüvvələrin gündəlik fəaliyyətində həmin məsələlərin rəhbər tutulmasının vacibliyini vurğulayıb.

General-polkovnik Z.Həsənov bildirib ki, Ali Baş Komandanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar səsləndirdiyi fikirlər ordumuz üçün tapşırıq, bütün şəxsi heyət üçün birbaşa əmrdir. Azərbaycan Silahlı Qüvvələri ən müasir və keyfiyyətli silah və avadanlıqla təchiz olunub. Bu, Ali Baş Komandanın orduya göstərdiyi ən ali diqqət və qayğının nümunəsidir.

Cəbhəboyu zonada mövcud vəziyyət barədə danışan nazir hər an aktiv döyüşlərə hazır olmaq, düşmənə rahatlıq verməmək, onun fəaliyyətini daim nəzarətdə saxlamaq, istənilən hərəkətlərinin qarşısını qabaqcadan qətiyyətlə almaq və ona maksimum ciddi zərər vurmaq məqsədilə ön xətdə yerləşən birləşmə komandirlərinə konkret tapşırıqlar verib.

Kollegiya iclasının sonunda müzakirə olunan məsələlərlə bağlı qərar qəbul edilib.

AZƏRTAC