ABŞ İrana “humanİtar müdaxİlə” edəcək? – İraq ssenarİsİ

ABŞ-ın İrana qarşı yeni sanksiyaları: qarşıdurma, yoxsa əməkdaşlıq?

Amerika Birləşmiş Ştatlarının İrana qarşı sanksiyalarının yeni dalğası dünya mediasında ciddi müzakirə edilir. İndi hər kəsin cavab axtardığı bir sual var: Tramp administrasiyasının bu addımı İranı əməkdaşlığa məcbur edəcək, yoxsa qarşıdurmanı daha da dərinləşdirəcək.

ABŞ-ın bu addımını təcavüzkar siyasət kimi dəyərləndirənlərlə bərabər, ədalətli hesab edənlər də az deyil. Amerika-İran münasibətlərinin uzun müddət bu formada davam etməsi çoxlu sualların yaranmasına gətirib çıxarır. Birinci sual ondan ibarətdir ki, doğrudanmı Birləşmiş Ştatların davası beynəlxalq sülhün və təhlükəsizliyin təmin olunması naminədir və nüvə proqramına malik olan dövlətlərə qarşı ciddi mübarizə aparır və İran bu kontekstdə beynəlxalq sülh və təhlükəsizlik üçün təhlükəlidir? Analoji hadisə İraqa qarşı da baş vermişdi. İran ssenarisi yaxın keçmişdə İraqa qarşı da tətbiq olundu, lakin kimyəvi silah iddiası gerçəkləşmədiyi halda İraqda insan hüquqlarının pozulması və buna müdaxilənin vacibliyi önə çəkildi. Beynəlxalq hüquqda bu, “Humanitar müdaxilə konsepsiyası” adlanır. Humanitar müdaxilə – BMT Təhlükəsizlik Şurasının sanksiyası olmaqla və ya olmadan insan hüquqlarının və ya beynəlxalq humanitar hüququn kobud və kütləvi pozuntularının qarşısının alınması və ya belə hallara son qoyulması məqsədilə silahlı qüvvələrin tətbiqi də daxil olmaqla, bir və ya bir neçə dövlət tərəfindən digər bir dövlətin ərazisində onun hökumətinin razılığı olmadan məcburetmə xarakterli hərəkətlərdir. Humanitar müdaxilə zərurəti beynəlxalq birliyin maraqlarına ciddi təhdidlər yarandıqda, başqa sözlə, özünün ən ağır ictimai təhlükəlilik dərəcəsi ilə fərqlənən beynəlxalq hüquq pozuntusu-beynəlxalq cinayət baş verdiyi halda meydana gəlir. Beynəlxalq cinayətlərin təsnifatının aparılması iki istiqamətdə: humanitar müdaxiləni zəruri edən humanitar böhranın müəyyən edilməsi və humanitar müdaxilədən sonra cinayətlərə görə məsuliyyət daşıyan şəxslərin cəzalandırılması ilə humanitar təhlükəsizliyin təminatı üçün əhəmiyyətlidir. Humanitar müdaxilə həyata keçirən dövlətlərin fəaliyyətinin əsasında hansı motivlərin durmasından asılı olmayaraq, müdaxilənin əsas məqsədi insanların əzablarına son qoyulması və ya qarşısının alınması olmalıdır və bu, humanizm ideyası ilə bağlıdır. Humanitar missiya siyasi səbəblərə əsaslanmamalıdır. Başqa sözlə, müdaxilə edən dövlət bitərəf və ədalətli olmalıdır. Bütün bunlarla yanaşı, insan hüquq və azadlıqlarına qorxu yaradan hallar aradan qalxdıqdan sonra silahlı qüvvələr ölkə ərazisini tərk etməlidirlər.

İkinci sual ondan ibarətdir ki, keçirilən əməliyyatın nəticəsi olaraq, İraqda insanların əzablarına son qoyuldumu, yoxsa onlar daha çox əzablara düçar oldu? Təbii ki, son qoyulmadı. Amerikanın həyata keçirdiyi əməliyyat humanitar müdaxilədən daha çox gücün nümayişi idi. Bu gün də mütəxəssislər bununla bağlı konkret fikir söyləməyə çətinlik çəkirlər. Ziddiyyətli məqamların çoxluğu bunu deməyə əsas verir. Amma ortada bir həqiqət var: İraqda insanlar təhlükəsiz şəraitdə deyil, terror şəraitində yaşamağa düçar oldular, daha çox əzablı günlər yaşadılar. Məhz bu gün İran müəyyən qədər oxşar ssenari ilə üz-üzədir.

Üçüncü sual – Amerika İrandan nə istəyir? Kimsə deyə bilərmi ki, həmin “humanitar müdaxilə” İrana şamil olunmayacaq? Proseslər onu göstərir ki, Amerika İrandan istədiyi davranışı görməyincə əl çəkməyəcək. 1979-cu ildən başlanan sanksiyaların şərtləri bu günə qədər daha da ağırlaşmaqda davam edir. Məlumdur ki, Amerikanın İrana qarşı sanksiyasının tarixi 1979-cu ildən, İran inqilabından başlanır. Bu sanksiyalar daha çox neft-qaz sənayesi və neftin idxalı ilə bağlı idi. Sanksiyalar müxtəlif vaxtlarda ağırlaşıb və ya yüngülləşib. Nəhayət, 2015-ci ilin iyul ayından İran və BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü – ABŞ, Rusiya, Çin, Fransa, Böyük Britaniya və Avropa İttifaqı “Birgə Hərtərəfli Fəaliyyət Planı” (JCPOA) və ya “İran razılaşması”nı imzaladılar. Bu razılaşmanın mahiyyəti uzun illər İran tərəfindən aparılan nüvə proqramının dayandırılmasına dair rəsmi Tehranın öhdəlik götürməsindən və TŞ-nin 5 daimi üzvü və Avropa İttifaqı ölkələri tərəfindən bu ölkəyə qarşı tətbiq olunan sanksiyaların qüvvədən düşməsi üçün lazımi zəmanətin verilməsindən ibarət idi. Bu razılaşmadan sonra İran beynəlxalq əməkdaşlığını sürətlə genişləndirməyə başladı. Amma İranın bu sevinci çox çəkmədi və ABŞ müqavilədən çıxaraq, 2018-ci ilin mayından birinci, 5 noyabr tarixindən etibarən isə İrana qarşı sanksiyaların ikinci və əsas mərhələsini başladı. Prezident Tramp bildirir ki, nüvə razılaşmasına əsasən, İran nüvə silahı əldə etməmək üçün götürdüyü öhdəliyi yerinə yetirməmişdir O, həmçinin İranın ballistik raket inkişafından imtina etməsini, terrora dəstək verməyi dayandırmasını istəyir. İraqın Bəsrə şəhərindəki ABŞ konsulluğuna və Bağdaddakı səfirliyinə edilən hücumları pisləyir və bu hücumların arxasında İranın dayandığını bəyan edir. İrana qarşı irəli sürülən bu ittihamın qarşılığında İran ya terror təşkilatlarına dəstək vermədiyini izah etməli və ya sübut etməlidir, əks halda ABŞ-ın bu fəaliyyəti dəstəklənməlidir.

İrana qarşı irəli sürülən ittihamların qarşılığında İran Prezidenti bunu Amerikanın təcavüzkar siyasəti hesab etməklə, iqtisadi müharibə adlandırdı və ölkəsinin bundan qazanacağını söylədi. Onun sözlərinə görə, ölkəsi güc, təzyiq və təhdidə məğlub olmayacaq və sanksiyaların pozulacağına əmin olduğunu bildirib. Doğrudur, İran Prezidentinin söylədiyi bir qədər reallıqla uyğunlaşmır. Bu məsələdə İran iqtisadiyyatı ağır durumla üzləşəcək və bu çox hiss olunacaq. Təbii ki, İran hakimiyyəti bunu aydın şəkildə dərk edir. Sadəcə, psixoloji təzyiqə məğlub olmadıqlarını nümayiş etdirməyə çalışırlar.

2018-ci il noyabrın 5-də tətbiq edilən sanksiyalar İran iqtisadiyyatının enerji, maliyyə, gəmiçilik və bankçılıq kimi sektorlarını hədəfləmişdir. Demək olar ki, Amerika tərəfindən indiyə qədər tətbiq olunan sanksiyaların ən ağır formaları hesab etmək olar bunu. Ümumilikdə 700-dən artıq fiziki və hüquqi şəxs, İranın nüfuzlu bank və şirkətləri, gəmi və təyyarələr bu sanksiyaya daxildir. Ağ Evin və nüfuzlu mətbu orqanların yaydığı məlumata görə, Tramp administrasiyasının əsas istəyi İran hakimiyyətinin maliyyə resurslarını tam məhdudlaşdırmaqla yanaşı, üçüncü tərəfləri İranla əməkdaşlıqdan çəkindirməkdir. ABŞ-ın sanksiyalarının nəticəsi olaraq, İranın gündəlik neft ixracı cari ilin iyun ayındakı pik həddindən təxminən 1 milyon barrel azalmış və 20-dən artıq ölkə İrandan neft idxalını tam dayandırmışdır. Demək olar ki, bu istiqamətdə işlər sürətləndirilir.

ABŞ Dövlət katibi Mayk Pompeo 5 noyabr 2018-ci il tarixində mətbuata verdiyi açıqlamada 8 ölkənin – Çin, Yaponiya, Hindistan, İtaliya, Yunanıstan, Cənubi Koreya, Tayvan və Türkiyənin sanksiya tələblərindən müvəqqəti azad olnduqlarını ifadə etmişdir. Xarici şirkətlər İranla milyardlarla məbləği əhatə edən müavilələr bağlamışdılar, həmin şirkətlər Birləşmiş Ştatların təzyiqindən qorxduqları üçün milyardları itirmək hesabına bu müqavilələri dayandırmağa məcbur olurlar.

İran hökuməti digər arqumentində bildirir ki, ABŞ-ın İrana qarşı tətbiq etdiyi yeni sanksiyalar rəsmi Vaşinqtonun beynəlxalq hüquqa və normalara aşkar şəkildə hörmətsizliyini göstərir və bunu İran xalqına qarşı olan bir düşmənçilik hesab edir. Bildirilir ki, BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin qərarına məhəl qoymayan ABŞ vəziyyəti gərginləşdirməkdə davam edir. Halbuki Məhkəmənin qərarına əsasən ABŞ vəziyyəti gərginləşdirəcək addımlardan çəkinməlidir. İran hökuməti ABŞ-ı beynəlxalq hüquq normalarını pozduqları üçün yalnız İranla deyil, digər beş böyük dövlətin – İngiltərənin, Çinin, Fransanın, Rusiyanın və Almaniyanın əldə etdiyi razılığı pozduğuna görə ittiham edir. Maraqlıdır, bu məsəldə beynəlxalq hüququn mövqeyi necədir? Doğrudanmı Amerika Birləşmiş Ştatları beynəlxalq hüququn norma və prinsiplərinə əməl etmir?

BMT Nizamnaməsinin VII fəsli sülhə təhlükə, sülhün pozulması və təcavüz aktlarla bağlı tədbirlərə aiddir. Nizamnamənin 41 və 42-ci maddələri özündə maliyyə və hərbi sanksiyaları ehtiva edir. 41-ci maddəyə görə, Təhlükəsizlik Şurası öz qərarının həyata keçirilməsi məqsədilə silahlı qüvvələrin istifadəsi ilə bağlı olmayan hər hansı tədbirlərin tətbiq olunması barədə qərar qəbul edə bilər və BMT üzvlərindən bu tədbirlərin tətbiq olunmasını tələb edə bilər. Həmin tədbirlər iqtisadi münasibətlərin və dəmir yolu, dəniz, hava, poçt, teleqraf, radio və digər rabitə vasitələrinin tamamilə və ya qismən dayandırılmasını və diplomatik münasibətlərin kəsilməsini özündə ehtiva edir.

Göründüyü kimi, bu sanksiyaların tətbiq olunması BMT Təhlükəsizlik Şurasının qərarları əsasında həyata keçirilməlidir. İran bu maddənin tələblərinə əsaslanaraq, bildirir ki, hər hansı bir dövlətin Təhlükəsizlik Şurasının qərarından kənar sanksiyalar tətbiq etmək və bunu davam etdirmək ixtiyarı yoxdur. Eyni zamanda BMT-nin Beynəlxalq Məhkəməsinin mövqeyini də diqqətə çatıdırır.

Məlumdur ki, İranın bu mövqeyi ABŞ və onun müttəfiqləri tərəfindən nəzərə alınmır və alınmayacaq da. Ən maraqlı hadisələr sonuncu sualın ətrafında cərəyan edəcək. İran əməkdaşlığa razı olmasa, proses hansı formada davam edəcək və ya əksinə, razı olsa, nə qazanacaq? Birmənalı qəbul olunmalıdır ki, İran razılaşmaya və əməkdaşlığa getməsə, hazırkı durumda çox ciddi qarşıdurmanın yaranması real görünmür və tərəflər bundan çəkinəcəklər, lakin İranın maliyyə və iqtisadi cəhətdən itkiləri olduqca çox olacaq, bu İran iqtisadiyyatının və neft sənayesinin çökməsinə səbəb olacaq. Sadəcə neft bazarı ilə bağlı ən böyük qeyri-müəyyənlik, sənaye texnologiyasında müəyyən dəyişikliklər nəzərə alınmaqla, İranın sanksiyalardan necə qaça biləcəyindən asılıdır. Bir dövlətin iqtisadiyyatının çöküşünün sonu uğurlu ola bilməz. İrana qarşı sanksiyalar, baş verəcək təsirlər təbii ki, Cənubi Qafqazdan yan keçməyəcək. İranla əməkdaşlığı olan hər bir dövlət bu zərəri görəcək, sadəcə, o dövlətin manevrlərindən asılı olaraq, kimi az, kimi çox zərər çəkəcək.

Əgər İran hər hansı formada əməkdaşlığa getsə belə, problem həllini tapmayacaq. ABŞ-ın çoxçeşidli istəyi və məqsədinin aydın olmaması, tez-tez dəyişməsi məsələni olduqca qəlizləşdirir. Məqsəd və istək görünməzdirsə, bütün əməkdaşlıq formaları formal xarakter daşıyacaq.

Nəhayət, kimin haqlı, kimin haqsız olmasını, eyni zamanda kimin ədalətsiz olub terrora dəstək verdiyini, beynəlxalq sülh və təhlükəsizliyə təhlükə yaratdığını zaman aşkarlayacaq.

Əlövsət Allahverdiyev, hüquq üzrə fəlsəfə doktoru, dosent

Mənbə: https://axar.az