Avropa İşğal altındakı Qarabağa qanunsuz səfərlərə göz yummaqla özünü də böyük təhlükəyə atır

Cənubi Kiprin Avropa Parlamentindəki deputatı Eleni Teoxarus ətrafında baş verənlər bəzi parametrlər baxımından xüsusi diqqət cəlb etməkdədir. Əvvəla, bu hal erməni diasporuna bağlı Avropa rəsmilərinin təmsil olunduqları qurum və təşkilatların nüfuzuna ciddi xələl gətirdiklərini aydın şəkildə meydana qoyur. Digər tərəfdən, belə vəziyyət Eleni Teoxarus və onun kimi şəxslərin yenə erməni diasporunun əlində sadəcə bir vasitə olduğunu təsdiqləyir.

Qeyd edək ki, bu qəbildən olan şəxslərdən istifadə etmək, onların Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərini təşkil etmək ermənilərin əsas fəaliyyət istiqamətlərindən biridir. Bununla onlar işğal altındakı ərazilərdəki separatçı rejimin tanıdılmasına nail olmağı düşünürlər. Təbii, Azərbaycanın diplomatik fəaliyyəti, ermənilərin bu məkrli niyyətinə qarşı gedişləri öz nəticələrinə verməkdə, Dağlıq Qarabağa qanunsuz səfər edənlərin sayı əhəmiyyətli dərəcədə azalmaqdadır. Lakin Eleni Teoxarus kimi şəxslərin mövcudluğu bu məsələnin daimi diqqət mərkəzində saxlanmasını, ona qarşı mübarizənin davamlı xarakter almasını zəruri edir. Bu, ən azından, hələ də həllini tapmayan Dağlıq Qarabağ münaqişəsi fonunda Ermənistan üzərində diplomatik qələbənin daha da möhkəmləndirilməsi baxımından ciddi əhəmiyyət kəsb edir.

Xatırladaq ki, Eleni Teoxarus konstitusiya quruluşuna qarşı çıxmaq və ictimai təhlükəsizliyi təhdid edən ekstremist çağırışlar səbəbilə Albaniya hökuməti tərəfindən “arzuolunmaz şəxs” elan edilib. Lakin bu, Eleni Teoxarusun ayağına yazılan ilk analoji problem deyil.  Qanlı separatçılıq və etnik təmizləməni təşviq edən Eleni Teoxarus ötən il Ermənistanın təcavüzü altında olan Dağlıq Qarabağ bölgəsinə səfər edib. Bu səbəbdən də onun adı Azərbaycanın “qara siyahı”sına daxil edilib. Bu  deputatın Azərbaycanın ərazi bütövlüyünə qarşı fəaliyyəti, erməni lobbisinin sifarişi ilə ölkəmizin işğal edilmiş ərazilərində yaradılmış qondarma separatçı rejimi təşviq edən fəaliyyəti dəfələrlə Bakı tərəfindən ifşa edilib. Digər tərəfdən, bu şəxsin Avropa İttifaqına üzvlüyə namizəd ölkə olan Albaniya tərəfindən də arzuolunmaz şəxslər siyahısına daxil olunması onun Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərini təşkil edən erməni lobbi dairələrinin, xüsusilə Brüsseldə fəaliyyət göstərən və brilyant alveri ilə məşğul olan, əslən Yunanıstandan olan Kaspar Karampetyanın da növbəti ifşasıdır. Qeyd edək ki, Eleni Teoxarusun Kaspar Karampetyanla əlaqələri var və onun işğal olunmuş ərazilərimizə səfərlərinin təşkilatçısı Karampetyandır.

Məhz belə vəziyyət bəzi Avropa rəsmilərinin erməni diaspor və milyonçuların əlində alət olduğunu göstərir ki, bu da ümumilikdə Avropanın özünə ciddi zərər gətirir. Hesab edilir ki, həm bu hala, həm də Avropada ermənilərin belə meydan sulamasına qarşı artıq Qərb ölkələrində rəsmi qaydada ciddi addımların atılmasına ehtiyac var.  Elə Bakının əsas istəklərindən biri də dövlətlərin, onların müxtəlif qurumlarının ərazi bütövlüyü məsələsində beynəlxalq hüquq normalarına sadiqliyini əməldə də göstərmələridir. Amma görünür, bu sahədə hələ də müəyyən problemlər var. Hər halda, Eleni Teoxarus amili ilə yanaşı, bu yaxınlarda Fransanın bir neçə bələdiyyə başçısının Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfərləri də bunu təsdiq edir. Söhbət Alforvil, Valans, Sent-Etyen, Arnuvil bələdiyyə rəhbərlərindən gedir. Xatırladaq ki, bu qanunsuz səfərlərin təşkilində Frnasadakı erməni lobbisinin rolu az olmayıb. Eyni fikirləri  bir müddət əvvəl zəbt edilmiş ərazilərə gələn Belçika Federal Parlamentinin üzvü, İslahatçılar Hərəkatı Partiyasının beynəlxalq əlaqələr üzrə sədri Jan Jak Flao və onun müavini Culi Szmay barədə də demək olar. Xatırladaq ki, sonuncular da Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə qanunsuz səfər ediblər.

Yuxarıda qeyd olunduğu kimi, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarına belə şəxslərin səfərlərinin təşkil edilməsi işğal altındakı Dağlıq Qarabağda yaradılan qondarma rejimi təbliğ etməyə, eyni zamanda, separatizmin təşviq olunmasına xidmət edir. Bununla da beynəlxalq konvensiyaların tələbləri ciddi şəkildə pozulur. Düzdür, Azərbaycan daim bu cür qanunazidd hərəkətlərin cavabını verir, müvafiq tədbirlər görür. Belə ki, Azərbaycanın işğal altında olan ərazilərinə qanunsuz səfər edən şəxslər ölkə qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb olunur, onların Azərbaycana gəlişinə qadağa qoyulur. Lakin bütün bunlara qarşı Avropanın özünün də ciddi addımlar atmasına böyük ehtiyac var. Ən azı o baxımdan ki, belə vəziyyət Avropanın özü üçün də ciddi təhdid yaradır. Eyni zamanda,  bu cür yolverilməz addımlar mənfi presedentlər meydana çıxarır, regional və beynəlxalq təhlükəsizliyə ciddi təhdidlər yaradır. Belə hallar etnik separatizmi də təşviq etdyindən, Avropada buna qarşı ciddi addımlar atılması çox önəmlidir. Başqa sözlə, qlobal miqyasda təhlükəsizliyə, əməkdaşlığa önəm verdiyini ifadə edən Avropa dövlətlərinin bu cür halları nəzərə alması, müvafiq tədbirlər görərək onları aradan qaldırması zəruridir. Əks halda bu, separatçılığın inkiaşfına töhfə verməkdən başqa heç nəyə xidmət etmir. Məsələnin başqa bir önəmli tərəfi budur ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyan Avropa dövlətlərinin bəzi rəsmilərinin Bakının icazəsi olmadan zəbt edilmiş ərazilərə səfərləri ölkəmizin ərazi bütövlüyü və suverenliyinə hörmətsizlik olmaqla yanaşı, qarşılıqlı münasibətlərin mahiyyətinə də uyğun deyil. Burada onu da nəzərə almaq lazımdır ki, Azərbaycan daim öz milli maraqlarını rəhbər tutmaqla yanaşı, digər dövlətlərin də mənafelərini nəzərə alır, bərabərhüquqlu əməkdaşlıq münasibətlərinin qarşılıqlı hörmət prinsipi əsasında inkişaf etdirilməsinin tərəfdarı olduğunu nümayiş etdirir. Bunun artıq Avropa dövlətləri tərəfindən də nəzərə alınıb konkret əməldə tətbiq edilməsi, Azərbaycan qanunlarına hörmət etəmyənlərə qarşı cəza tədbirlərinin görülməsi olduqca zəruridir.

İndilikdə isə Azərbaycan qanunsuz səfərlərlə bağlı məsələdə hələlik öz imkanları daxilində mübarizə aparır və konkret nəticələrə də nail olur. Hər halda, işğal altındakı ərazilərə qanunsuz yolla gələnlərin sayında ciddi azalma da bunu təsdiq edir. Bundan başqa, xatırlatmaq yerinə düşərdi ik, əvvəllər Azərbaycandan icazə almadan Dağlıq Qarabağa gələnlərin bir çoxu sonradan bu səhv əməllərindən peşman olduqlarını bildirərək, adının “qara siyahı”dan çıxarılması üçün Bakıya müraciət ünvanlayıb. Elə təkcə ötən ay ölkəmizə iki belə müraciət olub. Belə ki,

Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşı İbrahim Ahmed Mohammed Abdalla Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək, adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan çıxarılmasını xahiş edib. Müraciətində İbrahim Ahmed Mohammed Abdalla 2017-ci ildə Dağlıq Qarabağa səfər etdiyini bildirib və səfərinin doğuracağı nəticələr barədə məlumatlı olmadığını ifadə edib. O, bu səfərin Azərbaycana və onun xalqına qarşı heç bir halda hörmətsizlik anlamı daşımadığını vurğulayıb. Abdalla ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə, qanunlarına hörmət etdiyini qeyd edərək, sözügedən səfərlə əlaqədar Azərbaycan hökuməti və xalqından üzr istədiyini qeyd edib. Səfərlə əlaqədar təəssüfünü ifadə edən Abdalla Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərinə səfərin heç bir halda bu bölgədə yaradılmış qondarma rejimin təşviqinə xidmət etmədiyini ifadə edib. Həmçinin o, gələcəkdə Azərbaycanın işğal edilmiş ərazilərinə səfər etməyəcəyini vurğulayıb. İbrahim Ahmed Mohammed Abdalla gələcəkdə ölkəmizə səfər etməsi üçün icazə verilməsini xahiş edib.
Onun müraciəti müvafiq qaydada nəzərdən keçirilib və adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib. Eyni məqama Latviya vətəndaşı, “IMPRO Travels LTD” tur agentliyinin əməkdaşı Harijs Egliensin müraciətində də rast gəlmək mümkündür. Bu şəxs də  Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək, adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan çıxarılmasını xahiş edib. Egliens 2015-ci ilin oktyabr ayında Dağlıq Qarabağa səfər etdiyini bildirib və səfərinin doğuracağı nəticələr barədə məlumatlı olmadığını ifadə edib. O da bu səfərin Azərbaycana və xalqına qarşı heç bir halda hörmətsizlik anlamı daşımadığını vurğulayıb. Egliens ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə və qanunlarına hörmət etdiyini qeyd edərək, sözügedən səfərlə əlaqədar Azərbaycan hökuməti və xalqından üzr istədiyini qeyd edib. Həmçinin bu şəxs də gələcəkdə Azərbaycanın işğal edilmiş ərazilərinə səfər etməyəcəyini vurğulayıb. Bu fonda Egliens gələcəkdə ölkəmizə səfər etməsi üçün icazə verilməsini xahiş edib. Onun müraciəti müvafiq qaydada nəzərdən keçirilib və adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib. Bir daha qeyd edək ki, hər iki müraciət və onlara cavab ötən ay qeydə alınıb. Bundan əvvəl də Azərbaycan tərəfinə çoxsaylı belə müraciətlər olub. Bütün bunlar Bakının qeyd olunan məsələdə həyata keçirdiyi siyasətin yüksək effektivliyini göstərir, eyni zamanda, Ermənistanın Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısının alınması baxımından böyük əhəmiyyət kəsb edir. Amma hər halda, Azərbaycanın bu mövqeyinin indiki halda digər dövlətlər, o cümlədən Avropa ölkələri tərəfindən də nəzərə alınması olduqca vacibdir. Ən azı o baxımdan ki, bu hal separatçılığın qarşısının alınması baxımından çox önəmlidir.

Tahir TAĞIYEV

Mənbə: http://www.baki-xeber.com