AİM kİbertəhlükəsİzlİklə bağlı layİhəyə start verİb

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Avropaya İnteqrasiya Mərkəzi (AİM) ictimai birliyi ölkəmizin internet informasiya resurslarının cinayətkar qəsdlərdən qorunması, kibertəhlükəsizlik tədbirləri və “Kibercinayətlər” adlı elektron kitabın dərci ilə bağlı layihənin icrasına başlayıb.

Qeyd edək ki, kiberməkanın cinayət hüquqi tənzimlənməsi məsələsinin beynəlxalq və milli hüquqi aspektləri müasir dövrün tələbi kimi çıxış edir. Son illərdə Beynəlxalq Telekommunikasiya İttifaqı kibertəhlükəsizliyin koordinasiyası istiqamətində problemlərin artması ilə əlaqədar beynəlxalq məsuliyyət çərçivəsində Qlobal Kibercinayətlər Gündəliyi qəbul edib. Həmin sənədə əsasən strateji təkliflərin inkişaf etdirilməsi məqsədilə yüksək səviyyəli ekspertlər qrupu yaradılıb, onlar kibertəhlükəsizlik və kibercinayətlərlə bağlı qanunverilciliyin qəbul edilməsi barədə tövsiyələrlə çıxış edirlər.

Layihənin əsas məqsədi də məhz ölkəmizin milli maraqlarına təhlükə hesab olunan təhdidlərin aradan qaldırılması, internet istifadəçilərinin kibertəhlükəsizlik tədbirləri barədə məlumatlanması və ölkəmizin milli internet informasiya resurslarının cinayətkar qəsdlərdən qorunması məqsədilə virtual maarifləndirmə tədbirlərinin həyata keçirilməsindən, “Kibercinayətlər” adlı elektron kitabın dərc olunması ilə kibercinayətkarlıqla mübarizə üzrə milli və beynəlxalq hüquqi resurslar barədə geniş bilgi verilməsindən ibarətdir.