“Komboca təcrübəsİndən yararlanmaqla Xocalı soyqırımına görə hİbrİd məhkəmənİn formalaşdırılması mümkündür.” – hüquq elmlərİ üzrə fəlsəfə doktoru Səyyad Məcİdov

Bu il fevralın 26-da Xocalı soyqırımının 28-ci ildönümüdür. Lakin bu günə qədər ermənilər tərəfindən törədilmiş soyqırımı, təcavüz, terror, müharibə cinayətləri, habelə digər sülh və insanlıq əleyhinə cinayətlərə görə beynəlxalq məsuliyyət məsələsi açıq qalır. Bütün bu cinayətlərin subyekti olan Ermənistan dövlət olaraq, erməni siyasi və hərbi yetkililəri isə fərd olaraq hələ də beynəlxalq hüquqi məsuliyyətə cəlb olunmayıblar.
Xocalı soyqırımının ildönümü ərəfəsində ölkəmiz üçün aktual olan bu və digər beynəlxalq hüquqi məsələlərin elmi-praktiki təhlili məqsədilə Ədliyyə Nazirliyinin əməkdaşı, hüquq elmləri üzrə fəlsəfə doktoru Səyyad Məcidovla müzakirələr aparmağı qərara aldıq.
Səyyad müəllim, bu gün Xocalı soyqırımına görə beynəlxalq hüquqi məsuliyyət məsələlərinin reallaşması üçün Azərbaycan tərəfindən hansı addımlar atılmalıdır?
Xocalı soyqırımı beynəlxalq siyasi-hüquqi məsələdir. Bu problem artıq çoxdan iki ölkənin hüdudlarını aşmaqla, həm Türk dünyasının, həm də bütövlükdə beynəlxalq aləmin və qlobal münasibətlər sisteminin narahatlıq mövzusuna çevrilib. Uzun illərdir dövlətimiz tərəfindən bu beynəlxalq cinayətin siyasi elementləri diqqət mərkəzində saxlanılır, Azərbaycan Prezidenti cənab İlham Əliyev bütün beynəlxalq tədbirlərdə Xocalı soyqırımının siyasi, tarixi və hüquqi detallarını beynəlxalq ictimaiyyətə, o cümlədən ermənilərə başa salmaqda davam edir. Son Münhen debatları bunun əyani təzahürü oldu. Dövlətimizin başçısı faktlarla, arqumentlərlə, haqq mövqeyimizlə informasiya və intellekt savaşında xüsusi diplomatik məharətlə həm ümumu kontekstdə, həm də xüsusi olaraq Xocalı soyqırımı ilə bağlı məqamlarda açıq-aşkar rəqibinə qalib gəldi. Eyni zamanda, bu sahədə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə kifayət qədər genişmiqyaslı layihələr həyata keçirilir, Ermənistanın təcavüzü, Xocalı soyqırımının əsl mahiyyəti beynəlxalq ictimaiyyətə çatdırılır. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində təşkil edilən tədbirlərdə əsas diqqət Xocalıda törədilmiş soyqırımı cinayətinə görə cəzasızlıq halları ilə mübarizəyə yönəldilir.
Məsələnin beynəlxalq hüquqi tərəfinə gəldikdə, Xocalı soyqırımına bütövlükdə Ermənistanın Azərbaycana hərbi təcavüzü kontekstində beynəlxalq cinayət hüquq prizmasından yanaşmaq lazımdır. Bu cinayətə görə beynəlxalq məsuliyyət məsələlərinin reallaşmasına milli və beynəlxalq hüquqda universal cinayət yurisdiksiyası prinsipi tam mənada imkan verir. Bu prinsipə görə, təkcə cinayətin törədildiyi dövlət yox, digər dövlətlər də beynəlxalq cinayətlərlə bağlı ədalət mühakiməsini həyata keçirə bilərlər. Universal cinayət yurisdiksiyası prinsipinə əsasən, Azərbaycanda soyqırım cinayəti törətmiş şəxsləri istənilən dövlətin milli məhkəməsi mühakimə etmək səlahiyyətinə malikdir. Yəni milli səviyyədə qiyabi məhkəmə icraatına nail ola bilərik. Xocalı soyqırımını törətmiş şəxslər barədə axtarış elan etməklə, onları Azərbaycana gətirə və yaxud hər hansı bir dövlətdə mühakimə edə bilərik. Qeyd edək ki, respublika hərbi prokurorluğunun Xocalı soyqırımı epizodu üzrə istintaqının nəticəsində 39 nəfər rəsmi şəxsin və 8 mülki vətəndaşın Xocalı soyqırımında iştirakı tam sübuta yetirilib və onların əksəriyyətinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 103-cü (soyqırımı) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsi barədə qərar çıxarılıb.
Son vaxtlar bəzi dairələrdə Xocalı soyqırımına görə məsuliyyətə cəlbetmə müddətinin keçməsi ilə bağlı fikirlər də səsləndirilir…
Tamamilə absurd fikirlərdir. Bu tendensiya Beynəlxalq Cinayət Məhkəməsi Statutundan qaynaqlanır. Çünki, Roma Statutu onun qüvvəyə minməsindən əvvəl törədilmiş cinayətlərə şamil edilmir (retroaktivlik prinsipi). Lakin onun soyqırımı cinayətinə heç bir aidiyyəti yoxdur. Soyqırımı cinayətinın cəzalandırılması üçün heç bir müddət tətbiq oluna bilməz. Əvvəla, qeyd edək ki, Azərbaycan bu Statutu ratifikasiya etməyib. Çünki, bu sənəddə kifayət qədər çatışmayan cəhətlər və tam formalaşmayan müddəalar mövcuddur. Statutun müddəalarına görə ilk baxışdan beynəlxalq cinayətlərə, o cümlədən soyqırım cinayətinə görə məsuliyyətə cəlbetmə üçün real imkanların olmadığı qənaətinə gəlinə bilər. Lakin burada soyqırım və təcavüz cinayətlərinə münasibətdə hüquqi baxımdan vəziyyət bir qədər fərqlidir. Belə ki, “Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyanın tətbiqi üzrə Beynəlxalq Məhkəmənin 26 fevral 2007-ci il tarixli qərarında qeyd olunur ki, bu işdə Məhkəmə Konvensiyada beynəlxalq hüquqla nəzərdə tutulmuş öhdəliklərin pozuntuları arasında xüsusilə soyqırım cinayəti ilə bağlı müstəsna qərar çıxarmaq səlahiyyətinə malikdir. Eyni zamanda Konvensiyanın 9-cu maddəsi istənilən dövlətə imkan verir ki, soyqırım cinayətinə görə beynəlxalq instansiyalarda mübahisə tərəflərindən hər hansı birinin sorğusu əsasında məsuliyyət məsələsi qaldırıla bilər. Bundan əlavə, BMT-nin 1968-ci il “Müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərə münasibətdə cinayət məsuliyyətinə cəlbetmə müddətlərinin tətbiq edilməməsi haqqında” Konvensiyasına görə soyqırım cinayətinə, hətta o dövlətlərin daxili hüququna əsasən cinayət tərkibi yaratmasa belə, onun törədilməsi tarixindən asılı olmayaraq məsuliyyətə cəlbetmə müddəti tətbiq edilə bilməz. Digər tərəfdən, bununla bağlı beynəlxalq hüquqda artıq presedent də mövcuddur. 2003-cü ildə Komboca Fövqəladə Məhkəmə Palataları 1975-1979-cu illərdə qırmızı kxmerlərin hakimiyyəti dönəmində törədilmiş soyqırım cinayətinə görə mühakiməni həyata keçirdi və bu zaman məsuliyyətə cəlbetmə müddəti tətbiq edilmədi.
Bəs Xocalı soyqırımına görə xüsusi beynəlxalq məhkəmə mexanizminin yaradılması nə dərəcədə realdır?
Bu beynəlxalq hüquq baxımından tamamilə mümkündür. Müasir beynəlxalq hüquqda ədalət mühakiməsinin reallaşması Ermənistan tərəfindən törədilən cinayətlərə kompleks yanaşmanı zəruri edir. Kompleks yanaşmanın mahiyyəti həm beynəlxalq hüquq, həm də milli hüquq normaları nəzərə alınmaqla Dağlıq Qarabağda və onun ətraf rayonlarında baş vermiş və hal-hazırda davam edən cinayətlərə münasibətdə beynəlxalq mühakimə prosedurlarının və bir-biri ilə əlaqəli beynəlxalq cinayətlərin birgə nəzərdən keçirilməsidir. Yəni ermənilərin törətdiyi bütün cinayətlərə – təcavüz, soyqırımı, terror, müharibə cinayətləri, hətta ekoloji cinayətlərə ayrı-ayrılıqda yox, birgə yanaşılmalıdır.
Birincisi, Xocalı soyqırımına görə ad hoc hərbi tribunal və ya xüsusi məhkəmə mexanizminin yaradılması mümkündür. Bizə beynəlxalq praktikada analoji cinayətlərə görə belə mexanizmlər məlumdur. Qeyd edək ki, beynəlxalq hüquqda xüsusi məhkəmələr o cinayətlərə münasibətdə yaradılır ki, onlar bütün bəşəriyyət üçün daha çox təhlükəli əməllər sayılır və belə təhlükənin davamlılığı labüd olur. Nürnberq və Tokio (1945), Yuqoslaviya (1993), Ruanda (1994), Şərqi Timor (2000), Sierra Leone (2002), Livan (2007) və s. ad hoc məhkəmələr məhz bu məqsədlərlə yaradılmışdır. Belə dövlətüstü məhkəmə qurumları BMT Təhlükəsizlik Şurasının qətnaməsi əsasında yaradılır və ya cinayət qurbanı olan ölkə ilə BMT arasında müqavilə imzalanaraq xüsusi məhkəmə instansiyası qismində fəaliyyət göstərir.
İkincisi, beynəlxalq praktikada hibrid (qarışıq) yurisdiksiyalı tribunal qismində fəaliyyət göstərən məhkəmə təcrübəsinə də istinad edilməsini Ermənistanın Azərbaycana hərbi təcavüzü, xüsusilə Xocalı soyqırımı kontekstində faydalı hesab edirik. Çünki bu zaman törədilmə müddətindən asılı olmayaraq, beynəlxalq cinayətlərə görə qarışıq məhkəmə mexanizminin tətbiqi aktual olacaq. Hibrid məhkəmələr ad hoc məhkəmələrindən fərqləndirilməlidir. Hibrid məhkəmələr mahiyyətcə beynəlxalq cinayət mühakimə orqanları olub, onların fəaliyyət və yurisdiksiya qaydaları beynəlxalq və dövlətdaxili hüquq normalarının birgə tətbiqinə əsaslanır. Bu məhkəmələrin yurisdiksiya predmetini isə biri-biri ilə əlaqəli olan və eyni coğrafi regionda baş vermiş beynəlxalq cinayətlər təşkil edir. Presedent olaraq Komboca hökuməti ilə BMT arasında 2003-cü ildə imzalanmış və 2004-cü ildə qüvvəyə minmiş Müqavilə əsasında yaradılmış Fövqəladə Məhkəmə Palatalarını xüsusi vurğulaya bilərik. Bu Palataların əsas məqsədi 1975-1979-cu illərdə qırmızı kxmerlərin hakimiyyəti dönəmində törədilmiş soyqırım cinayəti də daxil olmaqla bir sıra hərbi və insanlıq əleyhinə cinayətlərin mühakimə edilməsindən ibarət olub. Qeyd edək ki, hibrid məhkəmə mexanizminin bir sıra üstünlükləri vardır. Birincisi, hibrid məhkəmələrin təşkili və ya milli məhkəmələrin beynəlxalq hüquqi status əldə etməsi beynəlxalq cinayət mühakimə icraatında yeni və unikal mexanizmdir. İkincisi hibrid məhkəmələrdə hakimlər həm beynəxalq səviyyəli, həm də milli məhkəmə hakimlərindən təşkil olunur ki, bu da işin daha səmərəli və yerli şərait, habelə milli qanunvericilik nəzərə alınaraq aparılması imkanlarını artırmış olur. Üçüncüsü, bu mexanizm işin daha sürətli, effektiv həyata keçirilməsini, habelə qərarların daha çevik qəbul olunmasını şərtləndirir. Komboca təcrübəsindən yararlanmaqla Xocalı soyqırımına görə hibrid məhkəmənın yaradılması mümkündür. Ümumiyyətlə beynəlxalq hüquqda mövcud olan bu unikal məhkəmə təcrübəsi Azərbaycan beynəlxalq hüquq məktəbi tərəfindən dərindən öyrənilməlidir.
Siz bu məsələdə perspektiv görürsüzmü? Xocalı soyqırımını törədənlər məsuliyyətə cəlb oluna bilərmi? Yəni buna ümid varmı?
Ümid olmayan yerdə həyat dayanar. Əlbəttə, inanırıq. Amma xüsusilə bu məsələdə inanmaq tam olaraq hələ hər şeyi həll etmir. Diplomatiya və beynəlxalq hüquqda inamdan sonrakı mərhələ inandırma mərhələsidir, daha doğrusu inandırma metodudur. Biz inanmaqla bərabər, həm də beynəlxalq ictimaiyyəti inandırmalıyıq ki, Xocalıda soyqırımı cinayəti baş verib, Xocalıda insanlara ağır, qeyri-insani işgəncələr verilib, beynəlxalq cinayət əməlləri törədilib. Bu səbəbdən də, Xocalı soyqırımına görə xüsusi beynəlxalq məhkəmə təsisatının formalaşdırılması üçün ilk növbədə bu cinayətin qlobal miqyasda məhz bəşəriyyət əleyhinə cinayət olmasını əsaslandıran siyasi tendensiyanı ortaya qoymaq və məhz buna beynəlxalq ictimaiyyəti inandırmaq lazımdır.

aggression.az saytı