AZƏRBAYCAN ƏSGƏRİNİN ƏDLİYYƏ BAYRAMI ƏRƏFƏSİNDƏ QƏLƏBƏSİ ƏDALƏTİN İKİQAT TƏNTƏNƏSİ OLDU

Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının müəllimi, hüquq elmləri üzrə fəlsəfə doktoru Səyyad Məcidov

Bu günlərdə ölkəmiz şanlı tarixinin zəfər dolu anlarını yaşayır. Dövlətimizin başçısı, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və yenilməz güclü iradəsi ilə şanlı Ordumuz milli dövlətçilik tariximizə ən böyük zəfər və qəhrəmanlıq salnaməsini yazdı. Bu günlər hərb meydanında öz qətiyyətli sözünü deyən Azərbaycan dövlətinin gücünü, potensialını həm də diplomatik müstəvidə bütün dünya dərk etmiş oldu. Vətən müharibəsi ölkəmizi daha da bütövləşdirdi. Baxmayaraq ki, bu dönəmdə Ermənistan tərəfindən xalqımıza qarşı növbəti beynəlxalq cinayətlər törədildi, lakin milli bütövlüyümüz sarsılmadı, əksinə bir az da gücləndik, qüvvətləndik. Azərbaycanın beynəlxalq hüquqa uyğun atdığı bütün addımlar, özünümüdafiə hüququ əsasında həyata keçirdiyi əks-hücüm əməliyyatları milli dövlətçiliyimizin dayaqlarını möhkəmləndirdi, Azərbaycan xalqının vahidliyini təsdiq etdi.

İlk növbədə qeyd etmək istərdim ki, ötən dövr ərzində Ermənistan tərəfindən davamlı şəkildə bütövlükdə Azərbaycana, o cümlədən Gəncəyə, Mingəçevirə, Tərtərə, Bərdəyə, Qəbələyə və digər yaşayış məntəqələrimizə raket hücumlarının edilməsi ilə bilavasitə hərbi təcavüz cinayəti, müharibə cinayəti və insanlıq əleyhinə cinayətlər törədilmişdir. Bu beynəlxalq cinayətlərinin subyekti Ermənistan dövləti və siyasi rəhbərliyi olduğu üçün Ermənistanın hərbi təcavüz cinayətinə görə prokurorluq orqanlarında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işləri başlanmışdır. Əminik ki, Ermənistan törətdiyi bütün bu cinayətlərə görə həm universal cinayət yurisdiksiyasına görə milli hüquqi əsasda, həmçinin beynəlxalq məhkəmə instansiyaları qarşısında məsuliyyətə cəlb olunacaq. Bunun üçün həm real beynəlxalq hüquqi əsaslar, həm də çoxsaylı video-audio və digər faktlar və materiallar vardır.

Azərbaycan faktiki olaraq BMT-nin Dağlıq Qarabağa dair qətnamələrinin icraçısıdır. Ölkəmiz BMT üzvü kimi bu hüququ 44 gündə məhz hərbi yolla reallaşdırdı. Bu gün isə bu siyasi yolla öz həllini tapmaqdadır. Ağdam rayonunun işğaldan azad olunması münasibətilə ölkə başçısının xalqa müraciətində qeyd etdiyi kimi, “Ağdam rayonunun işğaldan azad olunması noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın nəticəsidir. Mən dəfələrlə demişdim ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli həm siyasi, həm hərbi yollarla mümkündür. Biz uzun illər ərzində bu məsələni siyasi yollarla həll etməyə çalışırdıq. Ancaq bütün dünya gördü ki, məhz Ermənistanın mövqeyinə görə bu məsələ öz həllini tapmamışdır və məsələnin hərbi yollarla həll edilməsi bizim qanuni hüququmuz idi. Bu hüququ beynəlxalq norma və prinsiplər tanıyır. Bu hüquq bizə BMT Nizamnaməsi tərəfindən verilibdir. Hər bir ölkə özünü müdafiə edə bilər və biz də özümüzü müdafiə etmişik”. Ermənistanın təcavüzü ilə bağlı BMT qətnamələri yerinə yetirilməli idi və bunun hüquqauyğun həlli də bu sənədin əsasında reallaşmışdır. BMT Nizamnaməsinin 42-ci maddəsinə əsasən, bu hüquq BMT üzvlərinə aiddir. Qeyd olunun maddədə deyilir: “Həmin tədbirlər Birləşmiş Millətlərin Üzvlərinin hava, dəniz və ya quru qüvvələrinin nümayişlərini, blokadasını və digər əməliyyatlarını özündə ehtiva edə bilər”. Deməli, bunu Azərbaycan özü də edə bilər və hazırda quru və hava qüvvələrinin hərbi əməliyyatlarından istifadə etməklə, bu qətmanələr hissə-hissə icra edilir. Yəni, ötən dövr ərzində BMT-nin icra etmədiyi işi – hərbi əməliyyatları bu gün BMT-nin tam hüquqlu üzvü kimi Azərbaycan dövlətinin Silahlı Qüvvələri həyata keçirir. Bu tamamailə beynəlxalq hüquqa uyğundur. BMT buna görə Azərbaycana minnətdar olmalıdır ki, öz ərazilərini azad etmək üçün əks-hücüm və anti-terror əməliyyatları aparmaqla, həmçinin bu qurumun qərarlarına beynəlxalq sistemdə hörmət olunmasını və onlara riyayət edilməsini təmin edir.

Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın strateji obyektləri olan Mingəçevir Su və İstilik Elektrik Stansiyaları, Bakı-Tbilisi-Ceyhan və Bakı-Novorossiysk neft kəmərləri, Oğuz-Qəbələ-Bakı su kəmərinin raketlərdən atəşə tutulması mülki obyektlərə qarşı hərbi həmlədir. Xüsusilə bu fakt Avropa regional təhlükəsizlik sistemi üçün təhdid sayıldığından BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən kollektiv özünümüdafiəyə hüquqi əsas yaradır. Bu hüquqdan istifadə etməklə Azərbaycan üçüncü tərəfləri – Türkiyə, Gürcüstan və digər dövlətləri prosesə cəlb etmək hüququnu özündə saxlamaqla, Avropanın təhlükəsizliyi üçün həyacan təbili çala bilər. Çünki, hərbi əməliyyatlar məhz Azərbaycanın beynəlxalq hüquqla tanınmış sərhədləri daxilində gedir.

Ermənistan tərəfindən Bərdədə və Gəncədə mülki şəxslərin öldürülməsi insanlıq əleyhinə cinayətin xüsusi növü olan sistematik adamaöldürmə cinayətidir. Bu əməllər Ermənistan dövləti tərəfindən onların təcavüzkar siyasətinin həyata keçirilməsi məqsədilə məhz mülki əhaliyə qarşı yönəlib və çoxlu sayda insanların öldürülməsi ilə sistematik olaraq törədilib. Həmçinin, bundan əvvəl eyni kriminal əməllər Gəncə, Tərtər, Mingəçevir və Azərbaycanın digər şəhər və kəndlərində törədilmişdi. Qeyd edək ki, Baş prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 120.2.1-ci (cinayətkar birlik-təşkilat tərəfindən qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb.

Eyni zamanda Azərbaycanda ermənilər tərəfindən törədilən cinayətlər müharibə dövründə və hərbi əməliyyalar gedən zonadan kənar baş verdiyi, habelə hədəf olaraq mülki şəxslər və mülki obyektlər seçildiyi üçün bütün bunlar birbaşa beynəlxalq humanitar hüququn ən ağır pozuntuları olmaqla müharibə cinayətidir. Müharibə zamanı mülki əhalinin mühafizəsi haqqında IV Cenevrə Konvensiyası bütün bu cinayətləri müharibə cinayətləri hesab edir. Düşmənin mülki əhalimizə qarşı törətdiyi qeyri-insani əməllərinin təzahürü olaraq döyüş meydanından xeyli aralıda yerləşən əhalinin sıx məskunlaşdığı Gəncə,Tərtər və digər şəhərlərin mütəmadi olaraq bombalanması, çoxsaylı dinc əhali qətlə yetirilməsi, mülki infrastruktura ciddi ziyan vurulması bu cinayətlərin bazir nüməsidir.

Ümumiyyətlə qeyd olunmalıdır ki, Azərbaycan dövləti tərəfindən bu cinayətlərin beynəlxalq miqyasda tanınması məqsədilə davamlı və məqsədyönlü işlər həyata keçirilir, xüsusən Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin bütün müsahibə və çıxışlarında bu mısıləılər xüsusi olaraq beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılır. Eyni zamanda, bu cinayət faktları üzrə beynəlxalq məhkəmə instansiyalarına, o cümlədən Azərbaycan Respublikası Prezidentinin köməkçisi cənab Fuad Ələsgərovun mediaya verdiyi müsahibəsində də qeyd etdiyi kimi, 2020-ci il oktyabrın 13-də Azərbaycan Hökuməti tərəfindən Avropa Məhkəməsinə müvafiq məlumat təqdim edilmiş, 2020-ci il sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı törətdiyi təcavüz aktına cavab olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən başlanmış əks-hücum əməliyyatının gedişi zamanı Azərbaycan Respublikası İnsan Hüquqlarına dair Avropa Konvensiyasına və beynəlxalq humanitar hüquqa əsasən öz üzərinə götürdüyü öhdəliklərə tam və qəti şəkildə riayət etməsi və heç bir formada mülki əhali və mülki obyektlərin hədəfə alınmadığı qeyd olunmuşdur. Avropa Məhkəməsinə Ermənistanın öz Konvensiya öhdəliklərinə əməl etməməsi, onun silahlı münaqişə başlayandan bu günədək Azərbaycana qarşı müharibə cinayətləri törətməsi və bunun nəticəsində onlarla mülki şəxsin həlak olması, yüzlərlə vətəndaşın yaralanması, minlərlə yaşayış binalarının, şəxsi evlərin və digər mülki obyektlərin yararsız vəziyyətə düşməsi barədə məlumat verilmişdir. Rəsmi məlumata əsasən, Azərbaycan Hökuməti 2020-ci il oktyabrın 27-də Avropa Məhkəməsinə müraciət edərək, Ermənistan Respublikası barəsində təminat tədbirlərinin tətbiq edilməsini tələb etmiş, bu müraciət Ermənistanın şikayətindən fərqli olaraq ciddi xarakter daşımaqla, Ermənistan tərəfindən Konvensiya öhdəliklərinin pozulması barədə kifayət qədər əsaslı sübutlara söykənmişdir.

Ermənistanın Azərbaycana qarşı törətdiyi beynəlxalq cinayətlərlə bağlı məlumatların beynəlxalq ictimaiyyətə çatdırılması ilə bağlı Ədliyyə Nazirliyi tərəfindən də davamlı fəaliyyət həyata keçirilib, bir sıra nüfuzlu beynəlxalq təşkilatlara müraciətlər ünvanlanıb. Ədliyyə naziri cənab Fikrət Məmmədovun bu günlərdə KİV-də dərc olunmuş məqaləsində də qeyd olunduğu kimi, 70-ə yaxın dövlətin ədliyyə nazirlərinə, dünya prokurorlarına, beynəlxalq təşkilatlara, o cümlədən 140 ölkəni birləşdirən Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyası, Dünya Bankı, UNICEF, Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresi, Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti, Ümumdünya Səhiyyə Təşkilatı və digər qurumlara, habelə Beynəlxalq Hakimlər Assosiasiyasına müraciətlər ünvanlanmış, xarici ölkələrin səfirləri ilə görüşlər təşkil olunmuş, xalqımıza qarşı törədilmiş müharibə və insanlıq əleyhinə cinayətlər barədə məlumatlar Avropa Şurası, o cümlədən Avropa İnsan Hüquqları Məhkəməsinin rəhbərlərinin,  Avropa İttifaqı ədliyyə komissarının və bütün üzv dövlətlərin ədliyyə nazirlərinin diqqətinə çatdırılmışdır.

Ədliyyə işçilərinin peşə bayramı ərəfəsində Azərbaycan əsgərinin Qələbəsi həm də ədalətin ikiqat təntənəsi idi. Bu, uzun illər beynəlxalq hüquqla, BMT qətnamələri ilə bizə aid olan ədalətin hərbi yolla bərpasıdır. Eyni zamanda, Ağdamın işğaldan azad olunması və gələcəkdə digər işğal olunmuş ərazilərimizin azad olunması ədalətin həm hərbi, həm də siyasi yolla həllinin nəticəsidir.

Azərbaycan ədliyyəsi üçün bu əlamətdar günlərdə Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı ədliyyə işçisi olaraq bizim hər birimizi qürurlandırır,  hərbi və siyasi qələbələrimiz və zəfərlərimizlə fəxarət duyuruq.